Şeyxülislam: Cocuq Mərcanlıda Şuşa memarlığı üslubunda inşa olunan məsciddən ucalacaq azan çağırışı Böyük Qayıdışımızın başlanğıcı olacaq

Şeyxülislam: Cocuq Mərcanlıda Şuşa memarlığı üslubunda inşa olunan məsciddən ucalacaq azan çağırışı Böyük Qayıdışımızın başlanğıcı olacaq Cocuq Mərcanlıda Şuşa memarlığı üslubunda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalacaq azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcı olacaq.
Təhsil-press.az-ın məlumatına görə, bunu şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışında deyib.
Şeyxülislam deyib: "Bismillahir-rəhmanir-rəhim. Zati-aliləri, möhtərəm cənab Prezident. Hörmətli qonaqlar. Əziz qonaqlarımıza, xüsusən dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məclisimizdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından və şəxsən öz adımdan salam-dualarımı və dərin minnətdarlığımı bildirirəm. Məclisimizdə iştirak edən dəyərli dövlət və din xadimlərinə, dini konfessiya rəhbərlərinə, deputatlara, xarici ölkələrin təmsilçilərinə "Xoş gəlmisiniz!" deyirəm.
Zati-aliləri, "Qurani-Kərim"in nazil edildiyi, bütün duaların qəbul olunduğu mübarək Ramazan ayında iftar məclislərini bizimlə birgə keçirməyiniz Azərbaycan dindarlarına və şəxsimə olan yüksək ehtiram və etimaddır. Mən bunu yüksək dəyərləndirirəm. Bu məqam müqəddəs ənənə halını almışdır. Bu ənənənin bünövrəsini – ali mənəviyyat yolunun başlanğıcını Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi, xatiri mənim üçün bir qardaş qədər daim əziz olan Heydər Əliyev qoymuşdur. Bu mübarək ayda mən Heydər Əliyevə və ömür-gün yoldaşı Zərifə xanıma Allahdan rəhmət diləyirəm.
Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, yeni zəfərlər qazanır. Mən Sizin simanızda görkəmli dövlət xadimini, siyasi lideri, ölkə başçısını görməklə bərabər, Allah-Təalanın Azərbaycan xalqına lütfünü, inayətini və mərhəmətini görürəm. Uca Allahın lütfündəndir ki, Azərbaycan dindarları öz dövlətinin başçısını – Zati-alinizi Məkkədə, mübarək Qurban bayramı ərəfəsində seçmək imkanına malik oldular. İslam tarixində ilk və istisna hal olan bu özəl məqamı dindarlar heç vaxt unutmayacaqlar.
Zati-aliləri, müqəddəs Kəbə Evinin daxilində etdiyiniz niyyətin hasili olan Heydər məscidi dualarımızın müstəcab olmasının təsdiqidir. Sizin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətiniz, qətiyyətli iradəniz sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Sizin təşəbbüsünüzlə keçirilən Mədəniyyətlərarası Dialoq, Qlobal, Humanitar forumlar, Dünya Dini Liderlərinin Sammiti, müəllifi olduğunuz "Bakı prosesi" buna bariz nümunədir. Bakı dünyanın humanitar mərkəzinə çevrilməkdədir.
Sizin multikultural dəyərləri təşviq edən, islami həmrəyliyə dəvət edən qlobal ideyalarınız zamanın çağırışlarına cavab verir, nəinki ölkəmizin, bölgəmizin, habelə bütün bəşərin mənafeyinə xidmət edir. Siz yüksək xitabət kürsülərindən İslam dininin sülhsevər mahiyyətini, mütərəqqi dəyərlərini təşviq edir, islamofobiya hallarına qarşı öz qətiyyətli mövqeyinizi bildirirsiniz. Sizin səyləriniz sayəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və İslam dünyasının inkişafına öz töhfəsini verir.
Zati-aliləri, ötən ili "Multikulturalizm İli", bu ili isə "İslam Həmrəyliyi İli" elan etmək kimi müdrik, beynəlxalq əhəmiyyətli qərarlarınız islami və bəşəri dəyərlərə ali xidmətinizdir. Bu, qlobal əhəmiyyətli addımdır. Hər dövlət başçısı bu addımı atmaq imkanında deyil. Bunun davamı olaraq, "İslam Həmrəyliyi İli" çərçivəsində mötəbər idman bayramı - İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini, hətta münaqişə vəziyyətində olan dövlətləri belə bir araya gətirən həmrəylik bayramı, Azərbaycan idmançılarının zəfəri Sizin misilsiz səylərinizin bəhrəsidir. Bütün bu nailiyyətlərə görə İslam dünyası adından Sizə dərin təşəkkürlərimizi qəbul edin. Mən Azərbaycan idmançılarını təbrik edirəm. Hər dəfə ucalan bayrağımız, səslənən himnimiz bizə qürur gətirdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, onun lideri həm siyasi, həm mənəvi, həm də fiziki cəhətdən güclüdür. Siz bu qüruru bizə yaşatdınız.
Çox hörmətli cənab Prezident, bugünkü müqəddəs iftar süfrəsində ilin mühüm hadisəsi - möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin olunması ilə bağlı müdrik qərarınıza görə ölkə dindarları adından Sizə dərin minnətdarlığımızı bildirmək istərdim. Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səylərinin, ölkə daxilində və xaricində uğurlu fəaliyyətinin şahidiyik. Mehriban xanıma Allah-Təaladan Azərbaycan naminə gələcək fəaliyyətinə xeyir-dua və uğurlar diləyirəm.
Hörmətli cənab Prezident, Siz din xadimlərinin mənəvi dayağısınız. Dini icmalar, axund və imamlarımızın maddi-mənəvi ehtiyacları hər zaman Sizin diqqət mərkəzinizdədir. "Dini etiqad azadlığı haqqında" Qanuna son əlavələr, İslam dini təhsilinin inkişafı ilə bağlı tarixi qərarınız dini maarifləndirmə işinə böyük töhfələrdir və bunlara görə dindarların təşəkkürlərini Sizə çatdırıram. Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək şəxsi vəsaitiniz hesabına yenidən inşası barədə qərarınız dindarlar tərəfindən rəğbətlə qarşılandı. Buna görə Sizə və ailənizə dualar edirlər.
Zati-aliləri, Siz təkcə Azərbaycanın deyil, bütün Qafqaz müsəlmanlarının mənəvi dayağısınız. Qafqaz xalqları Ali Dini Şurası üzvlərinin arzusunu nəzərə alaraq, azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarovun XX əsrin əvvəllərində Vladiqafqazda Azərbaycan milli memarlığı üslubunda inşa etdirdiyi Cümə məscidinin təmiri üçün Sizin ayırdığınız maddi yardım hesabına tarixi dini məkan əsaslı şəkildə bərpa edilib. İslam Həmrəyliyi Oyunlarının açılışına şəxsi qonağınız kimi dəvət etdiyiniz Qafqaz müftiləri Zati-alilərinizə xas olan bu diqqət və qayğı nümunəsinə görə təşəkkürlərini Sizə çatdırmağı Qafqaz Xalqları Ali Dini Şurasının sədri olaraq məndən xahiş ediblər.
Möhtərəm Prezident, Qafqaz Müsəlmanları İdarəsi həm "Multikulturalizm İli", həm də "İslam Həmrəyliyi İli" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, dini konfessiyaların rəhbərləri, ictimai təşkilatlar ilə birgə həm ölkə daxilində, həm də xarici ölkələrdə dövlət qurumları, elmi, dini mərkəzlərdə, nüfuzlu universitetlərdə milli, dini tolerantlığımızı, mənəvi dəyərlərimizi, multikultural həyat tərzimizi böyük qürurla təqdim və təbliğ etmişik. Təşkil etdiyimiz çoxsaylı beynəlxalq konfrans və görüşlərdə ölkəmizdəki dini konfessiya rəhbərləri ilə bərabər, Azərbaycandakı nümunəvi dinlərarası dialoq və məzhəblərarası münasibətlərin yüksək səviyyəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Zati-alinizin tövsiyəsi ilə "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə və xaricdə tədbirlərimiz davam edəcək, inşallah!
Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul və təqdir edir. Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ilk dəfə müsəlman ibadət məkanında - Heydər məscidində dünyaya yayımlanan çıxışında Azərbaycanın multikultural həyat nümunəsini yüksək qiymətləndirdi. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu il ərzində Rusiya Patriarxı Kiril həzrətləri, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmərəli görüşlərimiz Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq prosesinə töhfələrimizdir.
Zati-aliləri, Siz dərin məzmunlu çıxışlarınızdan birində buyurdunuz ki, Azərbaycan öz tarixi boyunca heç vaxt indiki qədər güclü olmayıb. Bu, həqiqətən, belədir. Dünyanın böyük dövlətlərinin miqrant böhranı qarşısında aciz qaldığı bir dövrdə Azərbaycan öz əzəli torpaqlarından didərgin salınmış bir milyondan artıq vətəndaşının problemlərini öz daxili imkanları hesabına həll etmək iqtidarı nümayiş etdirir.
Şanlı aprel qələbəmiz, Lələtəpə üzərində dalğalanan bayrağımız, məcburi köçkün soydaşlarımızın erməni işğalından azad etdiyiniz əzəli Azərbaycan torpaqlarına qayıdışı, Cocuq Mərcanlıda Şuşa memarlığı üslubunda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalacaq azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcı olacaq, inşallah! Bütün bunlar Sizin - qüdrətli ordumuzun Ali Baş Komandanı olaraq düzgün siyasətinizin, yenilməz iradənizin, atdığınız cəsarətli addımların bəhrəsidir.
Mən yenə də Ulu Öndəri yada salmaq istəyirəm. Ulu öndər Heydər Əliyev həzrətləri Bibiheybətdə çıxışında demişdi ki, Azərbaycanın bütün ərazilərində məbədləri bərpa edəcəyik, yenilərini tikəcəyik. Mənim edə bilmədiyimi mənim davamçılarım yerinə yetirəcəklər. Bu gün Heydər Əliyev siyasətinin davamçısı kimi Zati-alinizin Cocuq Mərcanlıda tikdirdiyi məscid buna sübutdur ki, həmin dua Allah tərəfindən qəbul olundu. Hazırda işğal altında olan ərazilərimizdə də, inşallah, biz məbədlərimizi bərpa edəcəyik.
Allah-Təala Vətən şəhidlərimizə rəhmət eləsin!
Qoy Ulu Yaradan ədalətli haqq mücadiləmizdə şanlı qələbəmizə rəvac versin!
Zati-aliləri, Ramazan ayı duaların qəbul olunduğu aydır. Bu ay ərzində biz dualar edirik ki, Uca Allah Vətənimizin inkişafı, millətimizin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizi müzəffər, dəyərli ailənizi bəxtiyar qərar versin, Azərbaycanımızın qoşa qanadları olan Zati-alinizə və möhtərəm Mehriban xanıma himayəsini əsirgəməsin! Allah-Təala Sizi, övladlarınızı, nəvələrinizi qorusun. Allah-Təala Azərbaycan xalqını hifz etsin!
Bugünkü iftar məclisində iştirak edən möhtərəm qonaqlarımızı bir daha salamlayır, mübarək Ramazan ayında sizlərə, ailə üzvlərinizə ən xoş arzularımı yetirir, hamınıza Allah-Təaladan xeyir-dualar diləyirəm.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

Təhsil-press.az

Oxşar xəbərlər