Bakıda I sinfə gedəcək şagirdlərin yarıdan çoxunun sənədləri təqdim olunub

Bakıda I sinfə gedəcək şagirdlərin yarıdan çoxunun sənədləri təqdim olunub Fevralın 24-nə (saat 14:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 30 000-dən çox sorğu yerləşdirilib.
Onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib.
Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər