Birinci sinfə şagird qəbuluna başlanılır

Birinci sinfə şagird qəbuluna başlanılır Fevralın 21-də Təhsil Nazirliyində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi, tətbiq olunan yeniliklərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Bu prosesə fevralın 22-dən Gəncə və Sumqayıt şəhərlərində, martın 12-dən isə Abşeron rayonunda başlanılacaq.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Sentyabrın 15-dək davam edəcək elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
Konfransında 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə videoçarx nümayiş olunub.

Kəmalə Rəhimli

Oxşar xəbərlər