ADPU-da Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi konfransı

ADPU-da Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi konfransı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi” mövzusunda elmi konfransı keçirilib.
Konfransı universitetin rektoru, professor Cəfər Cəfərov açaraq bildirib ki, akademik Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının inkişafında müstəsna xidmətləri olmuş görkəmli alimlərdən biridir. Məhz, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi şəxsiyyətin 110 illiyinin qeyd edilməsi ilə bağlı 11 fevral 2019-cu il tarixində Sərəncam imzalamışdır. Sərəncamda akademik Həmid Araslı qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının, eləcə də folklorşünaslığımızın tədqiqat sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanması xüsusi vurğulanmışdır. Professor C.Cəfərov daha sonra qeyd edib ki, həqiqətən də akademik Həmid Araslı öz araşdırmaları və tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr vermiş, folklorumuzun tədqiqi sahəsində yorulmaq bilmədən çalışmış, “Kitabi Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin işıq üzü görməsinə nail olmuş, görkəmli klassiklərimiz Nizami, Nəsimi, Füzuli kimi dahilərin irsinin öyrənilməsində böyük zəhmət çəkmiş, mükəmməl monoqrafiya və elmi məqalələr müəllifi kimi tanınmışdır. Onun elmi yaradıcılığı ilə yanaşı pedaqoi fəaliyyəti də ölkənin mədəni–ictimai həyatında yaxından iştirakı da xüsusi vurğulanmalıdır. Bu sahələrdə də mükəmməl və səmərəli fəaliyyəti ilə o, həmişə diqqət mərkəzində olmuşdur.
Sonra ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Azərbaycan ədəbiyyatşünaslığının inkişafında akademik Həmid Araslının rolu”, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov “Akademik Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında AMEA-nın Nizamişünaslıq şöbəsinin əməkdaşları- əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və başqaları çıxış edərək akademik Həmid Araslı ilə maraqlı məlumatlar veriblər.
Sonra akademik Həmid Araslının qızı AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstititunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü professor Nüşabə Araslı çıxış edərək atasının elmi yaradıcılığı, pedaqoji fəaliyyəti barədə ətraflı çıxış edib, universitetin rektoru, professor Cəfər Cəfərova, Filologiya fakültəsi dekanı professor Mahirə Hüseynovaya, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi konfransı

ADPU-da Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi konfransı

Oxşar xəbərlər