“Həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir”

“Həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir” “Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır”.
Bu sözləri martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, yaşlı tənha insanların təminatını təchiz etmək üçün onun göstərişi ilə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər:
“Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq. Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaq.
Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcək”.

Tehsil-press.az



Oxşar xəbərlər