Cənab Prezident bu nitqi ilə, səsləndirdiyi əhəmiyyətli fikirlərlə əslində bütün Azərbaycan xalqının demək istədiyi reallıqları elə xalqın dilindən, xalqının yanından bütün dünya ictimaiyyətinə bəyan etdi

Cənab Prezident bu nitqi ilə, səsləndirdiyi əhəmiyyətli fikirlərlə əslində bütün Azərbaycan xalqının demək istədiyi reallıqları elə xalqın dilindən, xalqının yanından bütün dünya ictimaiyyətinə bəyan etdi XX əsrin sonlarına doğru dünyanın siyasi atmosferinin sürətli dəyişimi, meydana çıxan qloballaşma meylləri beynəlxalq münasibətlərin və dünyanın siyasi quruluşunun dəyişikliklərə məruz qalmasına səbəb oldu. Dünyada gedən siyasi və iqtisadi proseslərdə qarşılıqlı bağlılıq və asılılıq özünü göstərməyə başladı. Beləliklə, yeni bir mühit formalaşdı. Yenilənmədən istifadə edən Ermənistan kimi bədnam dövlətlər isə öz ərazi iddealarını, illərlə daxillərində gizlətdikləri məkirli planlarını artıq aşikar şəkildə biruzə verdi. Tarixən Azərbaycan ərazisi olan Dağlıq Qarabağ ətrafında Ermənistan və onun himayədarları tərəfindən yaradılmış gərginlik müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasının dünyaya inteqrasiyasını ləngidir və onun müstəqil daxili və xarici siyasət yürütməsinə ciddi problemlər yaradırdı. Münaqişənin baş verməsi və torpaqların işğalından sonra Azərbaycan beynəlxalq təşkilatlarla və müstəqil dövlətlərlə əməkdaşlıq etməklə dünya birliyinin, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın təcavüz siyasətinə və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ probleminə yönəldə bildi. Məqsəd isə dünya birliyinə və beynəlxalq ictimaiyyətə münaqişədə kimin haqlı, kimin haqsız olmasını göstərmək və münaqişənin ədalətli həllinə nail olmaq idi. BMT və bütün digər beynəlxalq təşkilatlar Azərbaycanı öz sıralarna qəbul edən zaman Ermənistan və Azərbaycan arasında münaqişə artıq mövcud idi. Bu təşkilatlar Azərbaycanı mövcud sərhədləri çərçivəsində, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdılar. Ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılmasını sübut edən heç bir hüquqi sənəd yoxdur. Bir sözlə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz, əbədi, əzəli tərkib hissəsidir. Bu birmənalı olaraq aksiomdur.
Bütün yuxarıda qeyd olunan tarixi faktları sadalamaqda məqsədim isə Prezident cənab İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində keçirilən prezident və parlament seçkiləri ilə bağlı səsləndirdiyi kifayət qədər önəmli, tarixi faktlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan fikirləri ilə bağlıdır. Dövlət başçısı öz nitqində bildirdi ki, “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”. Bəli, cənab Prezident bu nitqi ilə, səsləndirdiyi əhəmiyyətli fikirlərlə əslində bütün Azərbaycan xalqının demək istədiyi reallıqları elə xalqın dilindən, xalqının yanından bütün dünya ictimaiyyətinə bəyan etdi. Ölkə prezidenti bir daha qətiyyətli mövqeyi ilə sübut etdi ki, Azərbaycan dövləti heç bir zaman Azərbaycanı istəməyən, Azərbaycanın haqlı mövqeyinə, onun inkişaf yoluna qara yaxan, onu ləkələməyə çalışan istənilən daxili və xarici qüvvələrin məkirli arzularını ürəyində qoyacaq. Bu gün öz tarixini dərindən bilən, dünyada baş verən siyasi prosesləri yaxından izləyən, kimin dost, kimin düşmən olduğunu çox yaxşı analiz etməyi bacaran Azərbaycan xalqı bu haqq yolunda illərdir yorulmadan çalışan öz liderinin ətrafında sıx birləşmişdir.

Tehsil-press.az



Oxşar xəbərlər