Brüssel danışıqları: Azərbaycanın növbəti uğuru - TƏHLİL

Brüssel danışıqları: Azərbaycanın növbəti uğuru - TƏHLİL Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş dünyanın diqqət mərkəzindədir.
Görüş barədə ətraflı məlumatlar açıqlanmasa da, Ş. Mişelin görüşdən sonra yaydığı bəyanat bir çox mətləblərə aydınlıq gətirmiş oldu. Əksər siyasi şərhçilər bu fikirdədir ki, Brüssel görüşü bölgədə aktivləşmək istəyən Qərb üçün yaxşı başlanğıc idi.
Şarl Mişel bəyanatında Ermənistan və Azərbaycan arasında münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Təkcə bu fakt onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, Azərbaycan qalibdir və dünya bölgənin taleyi ilə bağlı qərarlar qəbul edərkən bundan sonra 44 günlük savaşın nəticələrini nəzərə almaq məcburiyyətindədir.
Cənab Mişel bəyanatında qeyd edib ki, hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib, hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.
Aİ Şurasının Prezidenti 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib. Bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bakı Soçi görüşünə də bu niyyətlə qatılmışdı. İstər Soçi görüşündə, istərsə də Brüsseldə Bakı buna səy göstərirdi və qarşısına qoyduğu məqsədə nail ola bildi.
Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirməklə əslində Ermənistanın revanş cəhdlərinin yolverilməz olduğunu vurğulamış oldu. Şarl Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması qeyd edilib. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.
Aİ Prezidenti əsas humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tərəfindən bu yaxınlarda on erməni məhbusun azad edilməsini alqışlayıb. Hər iki tərəfin humanitar jestlərinin etimadı gücləndirdiyini və sülhə doğru irəliləyiş üçün əlverişli mühitin yaradılmasına kömək etdiyini qeyd etməklə yanaşı, digər saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün humanitar problemlərin tam və tez həllinə çağırıb. Aİ humanitar minatəmizləmə səylərini, həmçinin, ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcək. Aİ, həmçinin, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləyəcək.
Bəyanatdan aydın olur ki, Prezident İlham Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır.
Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Digər tərəfdən, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.
Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.
Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı da müzakirələr davam etdiriləcək.
Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacib nüans kimi dəyərləndirilir, çünki Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil.
Aİ Şurası Prezidentinin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub. Əslində Aİ-nin bu addımı Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi anlamına gəlir.
Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Vurğulayaq ki, sərhədin delimitasiya və demarkasiyası üzrə Kremlin vasitəçiliyi ilə konkret nəticələr əldə olunmuşdu. Rusiyanın sərhədin müəyyənləşməsi məsələsində Aİ-nin ekspert yardımının qəbul edilməsinə qarşı çıxacağı ehtimalı azdır. Bakı bu məsələdə də balansı qoruyub saxlayır.
Bəyanatda Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Aİ Prezidenti Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. O, Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib.
Şübhəsizdir ki, dəmir yol xəttinin çəkilişi bölgənin siyasi xəritəsinə önəmli təsir göstərə bilər. Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi, həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı sıradan məsələ deyil. Bütün bunlar Zəngəzur dəhlizi ilə bağlı prinsipial anlaşmanın mövcudluğunu göstərir. Artıq yaxın gələcəkdə bu dəhlizdən keçən qatarların və avtomobillərin birbaşa Naxçıvana istiqamət ala biləcəyi qətiyyən şübhə doğurmur. Bu yerdə xatırladaq ki, Azərbaycan Prezidenti Əliyev elə həmin gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparmışdı: “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması...
Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir”.

Ölkə rəhbəri faktiki olaraq, onu nəzərə çatdırıb ki, beynəlxalq ticarət yolundakı rahatlıq Avropaya da lazımdır, iqtisadi maraqlar barədə düşünməkdə fayda var, artıq müharibə arxada qalıb və indi gələcəyə baxmalıyıq.
Burada olduqca önəmli bir məqama da diqqət çəkmək lazım gəlir. Prezident İlham Əliyevin Brüssel görüşündə daha bir hədəfi ATƏT-in Minsk qrupu formatının dirildilməsi cəhdlərinə qarşı Avropa İttifaqını alternativ olaraq çıxarmaq idi və dövlət başçısı buna nail ola bildi.
Ş. Mişelin bəyanatında əksini tapan müddəalar, əsasən, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Gəlinən nəticə budur ki, Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyi bir daha təsbit olundu: Münaqişə arxada qalıb, sərhədlər tezliklə müəyyənləşməlidir, kommunikasiyalar açılmalıdır, itkinlərin taleyinə aydınlıq gəlməlidir, Minsk qrupu prosesdə yoxdur, “Dağlıq Qarabağın statusu” müzakirə mövzusu deyil...

Tehsil-press.az


Oxşar xəbərlər