“Ermənistanın BMT-yə müraciət etməsi diqqəti yayındırmaq cəhdidir”

“Ermənistanın BMT-yə müraciət etməsi diqqəti yayındırmaq cəhdidir” “Ermənistanın nazı ilə oynayanlar bilməlidirlər ki, Azərbaycanın sülh təklifi uzun müddət masa üzərində qalmayacaq”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadənin sözlərinə görə, son illərdə dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynamalı olan BMT-nin özünün qəbul etdiyi qətnamələrin icrasında zaman və məkan amilini öndə saxlaması bu mötəbər quruma qarşı müxtəlif fikirlərin, ən əsası etimadsızlıq mühitinin yaranmasına səbəb olur: “Necə olur, BMT-nin qəbul etdiyi qətnamələr bəzən 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözləməli olduq? Tarixi Zəfərimizdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycan daim ən yüksək tribunalardan, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərdə bu çağırışı edərək dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə diqqəti yönəldir. Rəsmi Bakı daim bu qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etdiyi halda, «nədənsə» dünya gücləri susmaqda davam edir. İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən sonra günün əsas müzakirə mövzularından biri BMT sisteminin təkmilləşdirilməsi, onun tərkibinin genişləndirilməsi məsələsidir. Nəzərdən qaçırmaq olmaz ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü keçmiş ATƏT-in Minsk qrupunun həmsədri olmuş ölkələrdir”.
Siyasi elmlər doktoru vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi 4 qətnamə layihəsinin hazırlanmasında və təsdiqi prosesində iştirak edən bu dövlətlərin 30 illik işğal dövründə bu qətnamələrin icrasına mane olmaları diqqətdən kənarda qalmadı: “Hansı ki, həmin qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu tarixi Zəfəri ilə sübut etdi. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyat keçirilsə də, Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan hissəsindən qanunsuz erməni silahlı birləşmələrinin hələ də çıxarılmaması narazılıq doğuran mühüm məqamlar sırasındadır. Bu tələb, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da öz əksini tapıb”.
Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanatı ölkəmiz tərəfindən sərt reaksiya ilə qarşılandı: “Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı dərhal cavablandıraraq bildirdi ki, 30 ildə Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar vermələri narahatlıq doğurur. Bununla yanaşı, həmin şəxslərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətmələri, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri və ikili yanaşmalar tətbiq etmələri qəbuledilməzdir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda, sülh müqaviləsinin imzalanması ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Rusiya və ABŞ-ın təşəbbüsləri ilə keçirilən görüşlərdə belə «Dağlıq Qarabağ», «ATƏT-in Minsk qrupu» ifadələri işlədilmir. Artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Buna görə də beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin ekspert və xüsusi məruzəçiləri də Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmalıdırlar. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra ilk olaraq bu çağırışı etdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu bəyanatı dövlət başçısı İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında da səsləndirib”.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onları silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub: “Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb. Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis etdi. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd etdi. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialarını davam etdirir. Bu iddialar siyasi şantaj və manipulyasiyadır. Azərbaycan hazırda bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürür. Təbii ki, bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək”.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etməsi işğalçı dövlətin növbəti beynəlxalq hüquqa zidd addımı, diqqəti yayındırmaq cəhdidir: “Azərbaycan tərəfi bütün bunlara sərt münasibətini bildirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yayılan məlumatda bildirilir ki, bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, işğalçı dövlət Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb”.
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, dünya güclərinin Ermənistana qarşı ciddi addımlar atmalarının vaxtı çoxdan çatsa da, onların seyrçi mövqelərinin hansı problemlərə gətirib çıxardığı göz önündədir: “İşğalçı dövlət son addımları ilə açıq-aşkar sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu bir daha təsdiqləyir. Artıq beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistana ciddi şəkildə «dur!» deməsi vaxtıdır. Ermənistanın nazı ilə oynayanlar bilməlidirlər ki, Azərbaycanın sülh təklifi uzun müddət masa üzərində qalmayacaq”.

Tehsil-press.az


Oxşar xəbərlər