AzMİU-da fəxri məzunlarla görüş keçirilib

AzMİU-da fəxri məzunlarla görüş keçirilib Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən illərdə bu ali təhsil ocağını bitirmiş məzunlarla görüş keçirilib.

40 illik yubileyi ərəfəsində baş tutan görüşdə universitetin respublikada tanınmış, adlı-sanlı, nüfuzlu məzunları iştirak ediblər. Tədbirin əvvəlində məzunlar və AZMİU rəhbərliyi ümummilli lider Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub, ulu öndərin xatirəsini yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev muzeyini, "Knauf" tədris mərkəzini, imtahan zallarını, İnşaat materialları laboratoriyasını, idman kompleksini, "Azərsu", "Holcim", "İnşaat konstruksiyaları" laboratoriyalarını, kitabxananı gəziblər.
Universitetin akt zalında davam etdirilən tədbirdə qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu günlərdə 40 yaşı qeyd olunacaq universitetin bu günə qədər keçdiyi inkişaf yolundan danışıb. O, qeyd edib ki, 1975-ci ildə ümummili liderimiz Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə bəxş etdiyi AzMİU bu illər ərzində ona göstərilən etimadı doğrultmağa çalışıb, həm elm, həm də təhsil sahəsində ciddi uğurlara imza atıb, qarşıya qoyduğu hədəflərə çatmaq üçün böyük təkamül yolu keçib.
AzMİU-nun 1980-ci il ilk məzunlarından olan millət vəkili Aydın Mirzəzadə ötən illərin xatirələrini yada salıb, həyatda qazandığı uğurlara görə müəllimlərinə minnətdarlığını bildirib. 1984-cü il məzunu Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da vurğulayıb ki, 40 il bundan əvvəl Azərbaycan İnşaat Mühəndisləri İnstitutu kimi müstəqil fəaliyyət göstərən təhsil müəssisəsinin ilk tələbələri kimi həmişə qürur duyublar.
Telekommunikasiya sistemlərinin tikintisində ən böyük layihələri gerçəkləşdirən "Qartal" tikinti firmasının rəhbəri Şahin Məmmədov təhsildə fərqlənən tələbələrə noutbuklar hədiyyə edib. Görüşdə fəxri məzunlardan Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mixail Zabelin, Bakı şəhərinin baş memarı, əməkdar memar Akif Abdullayev, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov, bir çox nazirlik və komitələrdə çalışan tanınmış şəxslər iştirak ediblər.
tehsil-press.az

Oxşar xəbərlər