Hidayət Heydərov: "Bu yaxınlarda böyük qələbələr olacaq"

Hidayət Heydərov: "Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışımız çox yaxşı keçir. Hazırlıq prosesi sabah başa çatır".

Bu fikirləri "Report"a açıqlamasında cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov deyib.

24 yaşlı idmançı qardaş ölkədəki toplanışın üstünlüklərindən də danışb: "Burada Türkiyə seçməsindən başqa 15-16 ölkə də var. Bizim üçün də fərqlilik önəmlidir. Məşqlərdə müxtəlif ölkələrdən olan idmançılarla güləşirik və bununla da daha yaxşı hazırlıq keçmiş oluruq".

81 kq çəki dərəcəsində çıxış edən idmançı hədəflərinin böyük olduğunu diqqətə çatdırıb: "Hələlik yeni çəkimdə reytinqin 86-cı sırasındayam. Qarşıdakı yarışlarda yaxşı nəticələr verəcəyimə inanıram. Bu yaxınlarda böyük qələbələr olacaq".

Heydərov 18 - 20 fevralda İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə çempion olmaq istədiyini vurğulayıb: "Olimpiada üçün reytinqdə ilk 32 cüdoçudan biri olmaq lazımdır. Qarşıda 7 yarış var. Mənim isə hədəfim ilk "10-luğ"a düşməkdir. Çəkimi dəyişdiyim üçün də peşman deyiləm. Güləşən cüdoçu üçün bunun heç fərqi yoxdur Təbii ki, mən də olimpiadada medal qazanmaq istəyirəm".

Qeyd edək ki, Hidayət Heydərov (73 kq) 2017-ci ildə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında və Bakıdakı İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə edib.

Tehsil-press.az

Oxşar xəbərlər