Qəbələdən başlayan böyük oyun: Səssiz gücə çevrilən Bakı

Qəbələdən başlayan böyük oyun: Səssiz gücə çevrilən Bakı “Qlobal gərginliyin artdığı bir mərhələdə Qəbələ yenidən diqqət mərkəzinə çevrilir. Burada keçirilən yüksək səviyyəli görüşlər və diplomatik təmaslar göstərir ki, Bakı artıq təkcə regional paytaxt deyil, eyni zamanda yeni geosiyasi və iqtisadi balansların formalaşdığı əsas platformalardan biridir. Xüsusilə cənab Prezident İlham Əliyev ilə Çexiya baş naziri Andrey Babiş arasında baş tutan görüş Azərbaycan-Avropa münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Qəbələnin diplomatik məkan kimi ön plana çıxması təsadüfi deyil. “Bu şəhər artıq yalnız turizm mərkəzi yox, həm də qeyri-formal diplomatiyanın effektiv platforması kimi çıxış edir. Qlobal gərginliyin artdığı bir dövrdə məhz belə neytral və rahat mühitlərdə keçirilən görüşlər daha açıq və praqmatik dialoqa imkan yaradır”, -o vurğulayıb.

O əlavə edib ki, bu kontekstdə Qəbələdə keçirilən görüşlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun praktik təzahürüdür: “Bakı bir tərəfdən Qərb institutları ilə əlaqələri dərinləşdirir, digər tərəfdən isə regional aktorlarla münasibətlərdə tarazlığı qoruyur.

Bakı–Praqa xətti: iqtisadi praqmatizm və strateji yaxınlaşma

Praqa ilə Bakı arasında münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər artıq klassik diplomatik çərçivədən çıxaraq praqmatik iqtisadi əməkdaşlığa üstünlük verirlər.

Çexiya Baş nazirini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas mahiyyətini açıq şəkildə ortaya qoyur. İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, yeni investisiya platformalarının yaradılması, enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq. İki ölkə arasındakı ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması və Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından birinə çevrilməsi bu münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu göstərir.

Enerji diplomatiyası: Azərbaycanın Avropadakı çəkisi artır

Enerji amili Bakı–Praqa münasibətlərində həlledici rol oynayır. Azərbaycan artıq Çexiyanın əsas neft tədarükçülərindən birinə çevrilib və bu ölkənin idxalında 40%-dən çox paya sahibdir. Bu fakt bir neçə mühüm məqamı üzə çıxarır:

Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır. Alternativ enerji marşrutlarının əhəmiyyəti yüksəlir, Rusiyadan enerji asılılığının azalması prosesi sürətlənir. Eyni zamanda əməkdaşlıq artıq yalnız neftlə məhdudlaşmır. Bərpaolunan enerji, hidrogen və enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlıq yeni mərhələnin başlanğıcını qoyur. Bu isə Azərbaycanın enerji siyasətinin transformasiyaya uğradığını göstərir.

Strateji tərəfdaşlıq: institusional əsasdan geosiyasi məzmuna

2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi Bakı–Praqa münasibətlərini sistemli və uzunmüddətli əməkdaşlıq müstəvisinə keçirib. Bu sənədin əhəmiyyəti yalnız formal çərçivə ilə məhdudlaşmır , həm də tərəflərin geosiyasi baxışlarının üst-üstə düşdüyünü də təsdiqləyir.

Qarşılıqlı siyasi dəstək, beynəlxalq təşkilatlarda koordinasiya və intensiv yüksək səviyyəli səfərlər bu tərəfdaşlığın dərinliyini göstərir”.

Qəbələdən verilən mesaj: Bakı artıq oyunu quran mərkəzdir

O həmçinin əlavə edib ki, Qəbələdə baş tutan görüşlər və xüsusilə Prezident İlham Əliyevlə baş nazirAndrey Babiş dialoqu daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Bu görüş bir neçə mühüm mesaj baxımdan əhəmiyyətlidir:

Birincisi, Azərbaycan artıq yalnız regional oyunçu deyil – o, qlobal proseslərə təsir edən aktora çevrilir.

İkincisi, Bakı Şərq ilə Qərb arasında körpü rolundan çıxaraq qərarların formalaşdığı mərkəz statusuna yüksəlir.

Üçüncüsü, Avropa ölkələrinin Azərbaycana artan marağı yeni enerji və siyasi xəritənin formalaşdığını göstərir.

Dördüncüsü, Qəbələ kimi alternativ diplomatik məkanların önə çıxması Azərbaycanın yumşaq güc potensialının genişləndiyini sübut edir.

Mövcud dinamika göstərir ki, Azərbaycan rasional, praqmatik və tarazlı siyasət kursu ilə dəyişən beynəlxalq sistemdə öz mövqeyini gücləndirir.

Bakı artıq enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir, Avropa ilə Asiya arasında strateji bağlantı nöqtəsidir, yeni iqtisadi və siyasi əməkdaşlıq modellərinin təşəbbüskarına çevrilir. Qəbələdə keçirilən görüşlər isə bu prosesin simvolik ifadəsi kimi çıxış edir. Buradan verilən əsas mesaj aydındır: Azərbaycan yalnız proseslərin iştirakçısı deyil, həmçinin yeni geosiyasi oyunun qaydalarını formalaşdıran əsas mərkəzlərdən birinə çevrilir”.

Tehsil-press.az

Oxşar xəbərlər