Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı

Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Bəxtiyar Həsənova hökm oxunub.

Bəxtiyar Həsənov 2014-cü ildən 5 iyul 2024-cü il tarixədək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsində çalışıb.

V.M. adlı şəxs Lökbatan qəsəbəsi ərazisindəkı torpaq sahəsində ev tikilməsinə icazə verilməsi üçün Bəxtiyar Həsənovdan kömək istəyib. O, V.M.-dan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə görə İcra Hakimiyyəti tərəfindən razılıq verilməsi üçün 5.000 manat pul tələb edib. Zərərçəkmiş şəxs Bəxtiyar Həsənova xidməti otağında 5 min manat pul verib. Vəzifəli şəxs elə xidməti otağında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bəxtiyar Həsənov məhkəmədə ifadəsində deyib ki, həmin pulu aldıqdan sonra fərdi yaşayış evinin tikilməsinə razılıq verilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərindən bu məsələni həll etməsini xahiş etmək niyyətində olub. Aparılan araşdırma zamanı Bəxtiyar Həsənovun bu yolla xeyli şəxsdən pul alması müəyyən edilib.

Məhkəmənin qərarı ilə vəzifəli şəxs Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək tutulduğu və ev dustaqlığında qaldığı 3 ay 29 gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, nəzərə alınmaqla 5000 manat məbləğində cərimə edilib. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə dəyişdirilib./Qaynarinfo/

Tehsil-press.az

Oxşar xəbərlər