Türkiyənin “Söğüt” dərgisinin xüsusi bölümü Kamal Abdullanın yaradıcılığına həsr olunub

Türkiyənin “Söğüt” dərgisinin xüsusi bölümü Kamal Abdullanın yaradıcılığına həsr olunub Türkiyənin önəmli ədəbiyyat dərgilərindən olan “Söğüt” jurnalının 30-cu sayında Xalq yazıçısı, akademik Kamal Abdullaya həsr edilən 60 səhifəlik xüsusi bölümdə yazıçının ədəbi və elmi irsi müxtəlif aspektlərdən geniş şəkildə işıqlandırılıb.

Türk Ədəbiyyatı Dərgisi olan “Söğüt” Kamal Abdullanın əsərlərinin də yayımlandığı “Ötükən” nəşriyyatında iki aydan bir çap olunur. Dərginin hər sayında bir yaradıcı şəxs və ya mövzu haqqında geniş materiallar dərc olunur.

Dərginin ilk səhifələrində Bəxtiyar Aslanın Xalq yazıçısı Kamal Abdulla ilə apardığı geniş müsahibə yer alır, ədibin həyat və yaradıcılığı, akademik fəaliyyəti haqqında oxuculara maraqlı məlumatlar verilir.

Daha sonra Bəxtiyar Aslanın reallaşdırdığı nisbətən iki qısa reportaj - AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Xalq şairi Ramiz Rövşənlə müsahibələri təqdim olunur. Professor Rafiq Əliyev müsahibəsində Kamal Abdullanın insani xüsusiyyətlərini vurğulayarkən yazıçını “qıraqdan baxanda bir az ciddi görünən, daxilində isə bir uşaq yaşadan” insan kimi təsvir edir, Kamal Abdullanın yaradıcılıq dünyasının onun daxilindəki bu uşaqlıq duyğusundan qidalandığını bildirir. Xalq şairi Ramiz Rövşən isə müsahibəsində Kamal Abdulla ilə gənclik illərindən başlayan dostluqlarından, yazıçının Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən bəhs edib.

Müsahibələrdən sonra Kamal Abdullanın əsərlərini Türkiyə türkcəsinə çevirmiş, Türkiyə xalq ədəbiyyatı sahəsində tanınmış tədqiqatçı Ali Duymazın “Qorqudşünas Kamal Abdulla” adlı məqaləsi yer alır. Azərbaycanın gənc elm adamı Nərgiz İsmayılova isə bölümə Kamal Abdullanın “Üç ölçülü labirint” adlı yazısı ilə töhfə verir. Məqalədə Kamal Abdullanın dünya və Azərbaycan ədəbiyyatındakı yeri müəyyənləşdirilir, yazıçının əsərlərindəki milli ünsürlər, postmodern xüsusiyyətlər şərh edilir.

Tanınmış yazıçı və şair Rəşad Məcid isə “Öz içində gizlənən adam” məqaləsini bir xatirə mətni kimi təqdim edir, eyni zamanda, Kamal Abdullanın psixoloji və ədəbi portretini cızır. Daha sonra akademik Muxtar İmanovun “Romanda mif modeli: saxta qəhrəman” adlı məqaləsində yazıçının romanlarında mifik modellər incələnir, ədibin bədii üslubunun özəllikləri təhlil edilir.

Bölümün son yazısı Türkiyədə Kamal Abdulla haqqında doktorluq dissertasiyası müdafiə edən gənc alim Fatih Keskinə aiddir. “Sirlər və sərhədlər kənarının yolçusu: Kamal Abdulla” adlı məqaləsində yazıçının şəxsi keyfiyyətləri və yaradıcılıq fəaliyyətini geniş şəkildə təhlil edən F.Keskin qeyd edir ki, Kamal Abdulla “sirlərin yolçusu” olaraq həm ədəbiyyatda, həm də elmdə sərhədləri genişləndirən bir simadır. Onun yaradıcılığı yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətlidir.

Tehsil-press.az

Oxşar xəbərlər