Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı nəşr olunub

Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı nəşr olunub Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı işıq üzü görüb.
Kitab yazıçı, elm adamı və ictimai xadim Kamal Abdulla şəxsiyyətinə sonsuz sevgi və ehtiramla yanaşı, həm də akademikə həsr edilmiş dünya filoloji fikri üçün önəmli olan elmi məqalələri özündə birləşdirir. Kitab təkcə məzmun zənginliyi ilə deyil, həmçinin orada yer alan imzaların coğrafiyası və müxtəlif sahənin insanları olması ilə maraq doğurur.
Nəşrin “Ön söz”ünün müəllifi məşhur türkoloq, professor Əhməd Bican Ərcilasun bu kitabı sadəcə yubilyara onu sevənlərin arzu və diləkləri kitabı deyil, həm də türkologiya üçün elmi sanbalı olan əsər adlandırır. O qeyd edir ki, kitab onu sevənlərin Kamal Abdullaya ərməğanı yox, həm də Kamal Abdullanın türkologiya elminə, filologiya elminə olan ərməğanıdır. Bu günə qədər ərməğan kitabları Türkiyədə yalnız yerli ziyalılar, ədəbiyyat və elm adamları haqqında hazırlanıb. Bu ənənə davam edir. İlk dəfə Türkiyədə başqa bir ölkənin nümayəndəsi olan görkəmli dilçi alim, türkoloq və yazıçı Kamal Abdulla haqqında eyni formatda “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” adlı kitab hazırlanıb. Bu, Azərbaycanın elm və mədəniyyət tarixində də ilk belə hadisədir.
Yeni nəşrdə təkcə türk dünyasının deyil, dünyanın müxtəlif ölkələrinin bir çox görkəmli elm adamlarının, ictimai xadimlərinin imzalarını görə bilərik. Kitabda Şeyxülislam Allahşükür Paşazadə, Anar (Azərbaycan), Oljas Süleymenov (Qazaxıstan), Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan), Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi bir çox görkəmli yazarların, elm adamlarının, ictimai xadimlərin Kamal Abdulla haqqında ürək sözləri, təbrikləri, elmi araşdırmaları yer alıb. Həmçinin Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevinin, PİAC-ın prezidenti, professor Barbara Keilner Heinkelenin, Yunus Əmrə İnstitutunun direktoru, professor Şərəf Atəşin, Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vaskonun, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şöhrət Siracəddinovun və başqalarının yubiley münasibətilə xoş arzuları təqdim olunub.
Ümumilikdə 25 ölkədən 121 elm və ictimai xadimin yazıları bu kitabda Kamal Abdulla işığında bir araya gəlib. Bu dünya ziyalılarının, Kamal Abdullanı sevənlərin ona və onun simasında Azərbaycana ərməğanıdır deyə bilərik.
Təkcə Kamal Abdulla deyil, bütün Azərbaycan elmi və mədəniyyəti üçün böyük əhəmiyyət daşıyan kitabın baş redaktoru Əhməd Bican Ərcilasun, redaksiya heyətinin üzvləri Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, İtaliya və Qazaxıstandan olan elm adamları, tərtibçiləri isə Azərbaycandan “Türkologiya” jurnalının məsul katibi, dosent Elçin İbrahimov, Türkiyədən isə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, dosent Bəxtiyar Aslan və “Türk Ədəbiyyatı” Vəqfinin müdiri İmdat Avşardır. Kitab “Türk ədəbiyyatı nəşrləri” silsiləsindən Yunis Əmrə İnstitutunun və Qafqaz Universitetlər Birliyinin birgə təşəbbüsü və dəstəyi ilə nəşr olunub.

Tehsil-press.az

Oxşar xəbərlər