Bilik Fondunda rumıniyalı alimin “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının təqdimatı olub

Bilik Fondunda rumıniyalı alimin “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının təqdimatı olub Rumıniyanın “Al.İ.Kuza” Universitetinin (Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun rus dilində çapdan çıxmış “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” (“Kamal Abdulla: filosofiya polnotı”) monoqrafiyasının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə alimlər, şair və yazıçılar iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rumıniyalı alimin Azərbaycanın ictimai və elm xadimi, dünya səviyyəsində tanınmış yazıçı Kamal Abdullanın yaradıcılığı haqqında monoqrafiya yazmasını xalqımıza və ədəbiyyatımıza verilən yüksək dəyərin təzahürü kimi qiymətləndirib.
AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev ölkəmizin tanınmış ictimai və dövlət xadimi, eyni zamanda, əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuş yazıçı Kamal Abdullanın ədəbiyyatımıza verdiyi töhfədən danışıb. O, “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasını ərsəyə gətirdiyinə görə rumıniyalı alimə minnətdarlığını bildirib.
“Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” mövzusunda mühazirə oxuyan L.Bejenaru monoqrafiyanın tərtib və nəşr edilmə zərurətindən danışıb. Vurğulanıb ki, milli mədəniyyətlərin və ədəbiyyatların müasir dialoqu dünya mədəniyyətinə inteqrasiyanı zəruri edir. Azərbaycan postmodernist ədəbiyyatının banisi, dünya şöhrətli qorqudşünas alim Kamal Abdulla “Yarımçıq əlyazma” əsəri ilə yeni Azərbaycan romanının əsasını qoyub və bədii mətnin içərisində elmi mətnin oxucuya çatdırılmasına nail olub.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev diqqətə çatdırıb ki, L.Bejenarunun bu monoqrafiyasında Kamal Abdulla fəlsəfəsinin açılması onun yaradıcılığının rusdilli oxucu üçün əhatəli təhlilinə imkan yaradır. Vurğulanıb ki, “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının Azərbaycan dilinə tərcüməsi gənc yazarların püxtələşməsinə, yaradıcılıq imkanlarının cilalanmasına imkan yarada bilər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil bildirib ki, müəllifin təhlil etdiyi məqamlar Kamal Abdulla yaradıcılığının aparıcı istiqamətlərini əhatə edir. O, Kamal Abdullanın alim kimi dilçilik elmi sahəsindəki xidmətlərindən, ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu monoqrafiyanın müxtəlif dillərə tərcüməsinin vacibliyini vurğulayıb, Kamal Abdullanın Yaponiyadan tutmuş Qərbi Avropayadək dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Kamal Abdulla öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini və milli dəyərlərini dünya ədəbiyyatına və oxucusuna çatdırır.
Tədbirdə Əməkdar Mədəniyyət İşçisi Çingiz Əlioğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Tofiq Abbasov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru Gülər Abdullabəyli ruminiyalı müəllifin qələmə aldığı kitabın Azərbaycanın ədəbi və ictimai həyatında böyük əhəmiyyətə malik olduğunu, monoqrafiyanın gənc ədəbiyyatçılar üçün istinad mənbəyinə çevriləcəyini bildiriblər.

Kəmalə Rəhimli

Oxşar xəbərlər