Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında bildirib ki, iki ölkə arasındakı gərginlik müxtəlif səviyyələrdə özünü göstərir:
"Rusiya Azərbaycana qarşı müəyyən təzyiqlərdən istifadə edir. Miqrantlara qarşı da müəyyən təzyiq alətləri var. Amma hələ ki, kütləvi deportasiya yoxdur. Bununla bağlı geniş məlumat verilməyib. Halbuki bu məntiqə ziddir. Çünki Rusiyada ən ağır işlərdə azərbaycanlılar, taciklər, özbəklər çalışırlar. Rusiyanın hazırda işçi qüvvəsinə ehtiyacı var. Çünki Rusiya hər gün Ukrayna cəbhəsində 1000-dən artıq gəncini itirir. Onlar da itirilən işçi qüvvəsidir. Sənədləri qaydasında olmayan miqrantların deportasiya olunması ssenarisi mümkündür və buna hazır olmaq lazımdır. Kimlərin ki sənədi qaydasında deyil, onları deport etməyə hazırlaşa bilərlər. Biz bu ssenarilərə də hazır olmalıyıq".
Elxan Şahinoğlu Rusiya ilə Azərbaycan arasındakı mövcud gərginliyin aradan qaldırılmasının Moskvanın Azərbaycanın tələblərini yerinə yetirməsindən asılı olduğunu da qeyd edib:
"Bu gərginlikdən çıxış yolu Moskvanın İlham Əliyevin tələblərinin yerinə yetirməsindən keçir. Çünki Azərbaycan bu gərginlikdə maraqlı deyil. Hazırda tərəflər arasında yaranmış mübahisələr ikitərəfli əlaqələrin gələcəyinə kölgə salır. Gərginliyin daha da artmaması üçün diplomatik səylərin intensivləşdirilməsi vacib görünür".
Tehsil-press.az