
Meteorologiya idarəsindən verilən xəbərdarlıqlardan sonra İstanbulda son 5 ilin ən güclü qar yağışı başlayıb.
Bugün "Sibirə dönməsi" gözlənilən şəhərdə qarın qalınlığının 40 santimetrə çatacağı bildirilir və vətəndaşlara "avtomobillə yola çıxmayın, ictimai nəqliyyatdan istifadə edin" xəbərdarlıqları edilir. Əlverişsiz hava şəraitinin 6 gün davam edəcəyi gözlənilir. Qarın xüsusilə bazar günündən etibarən şiddətlənəcəyi bildirilir.
Ekspert Adil Tek vəziyyəti belə şərh edib: "Ötən illərdə İstanbulda dəniz suyu temperaturunun 8 dərəcə civarında olduğunu müşahidə etmişdik, o zaman qarın yerdə qaldığını görmüşdük. Yenə də dənizdə suyu temperaturu 8-9 dərəcə arasında dəyişir. Bu da qarın yerdə qalmaq ehtimalını artırır."
Nəqliyyat və İnfrastruktur Nazirliyi 19-21 fevral 2025 tarixləri arasında İstanbul Hava Limanı və Sabiha Gökçen Hava Limanında alınan tədbirləri açıqlayıb. Nazirliyin açıqlamasına görə bəzi uçuşların ləğv edilməsi qərarı alınıb. Günlük orta hesabla min uçuşun həyata keçirildiyi hava limanında 19 fevralda təxminən 150, 21 fevralda isə təxminən 200 uçuşun ləğv edilməsi gözlənilir. Sabiha Gökçen Hava Limanında isə 19 fevral günü üçün hər hansı bir uçuş ləğvi gözlənilmir, ancaq 20 fevral cümə axşamı uçuşların 10%-i ləğv ediləcək. Bu çərçivədə Pegasus Hava Yolları 46, Ajet Hava Yolları isə 22 uçuşunu dayandıracaq. Səyahətçilərə uçuş ləğvləri və yenilənmiş uçuş məlumatları üçün hava yolu şirkətlərinin rəsmi bildirişlərini izləmələri tövsiyə olunur.
Bakıya qar nə vaxt yağacaq?
Sabah gecədən etibarən Bakıya sulu qar, bəzi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Belə ki, Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.
"Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var",- deyə məlumatda qeyd edilib.
Tehsil-press.az