
Yaranışdan bəri insanın Vətən sevgisi heç zaman dəyişməyən və hər zaman düşüncə mövzusu olan bir hissdir. Vətəni sevmək iman və vicdan nümunəsi sayılır. Bu mənada vətən sevgisi bəzən millət duyğusundan da üstün olur.
Azərbaycanın igid oğlu, “Neftçilər uşağı” kimi tanınan, milliyyətcə rus Denis Pronin üçün tək böyüdüyü Bakı şəhəri yox, bütöv Azərbaycan sadəcə doğulduğu ölkə deyildi-sevdiyi, qoruduğu, mənsub olduğu müqəddəs Vətən idi. Bu gün onun şəhidliyindən 5 il ötür.
Vətən müharibəsi başlayanda Denis düşünmədən ön cəbhəyə yollandı. Könüllü şəkildə, heç kimin çağırışı olmadan silaha sarıldı və döyüşə getdi.
Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun adı Azərbaycan tarixində vətəndaşlıq borcunun ən saf ifadəsinə çevrildi.
Denisin şəhidliyi göstərdi ki, bu torpağı sevmək üçün milliyyət deyil, ürək, iman və vicdan gərəkdir.
O, millət fərqinə baxmadan bu ölkənin bir övladı kimi döyüşdü və Vətənə sədaqətinin möhürünü qanı ilə vurdu.
Bu gün onun yadigarı olan bir övladı bu xalqın şərəfidir, bu dövlətin etibarına əmanət edilmiş müqəddəs bir dəyərdir.
Denisin övladı təkcə atasının yox, həm də Azərbaycan xalqının gələcəyə daşınan ümididir.
İndi Denis Pronin-Əliyevin yaşadığı məhəllədə onun xatirəsinə Azərbaycan bayrağı dalğalanır.
O bayraq Denisin ruhunu, Vətənə sədaqətini və Azərbaycan adını göylərdə daşıyan bir rəmzdir.
Bu, onunla fəxr edən məhəllənin, xalqın və dövlətin minnətdarlıq salamıdır.
Bu torpaq Albert Aqarunoviç Aqarunov kimi yəhudi əsilli qəhrəmanları, Denis Pronin kimi rus əsilli igidləri ilə vahid bir ideyanı-bir Vətəni, bir Azərbaycanı yaşadır.
Onlar sübut etdilər ki, Vətən sevgisinin dili, dini, milliyyəti yoxdur.
Biz bu ölkədə milli birliyimiz və vicdanımızla güclüyük.
İllərdir düşmənlərimiz çalışsalar da, bu xalqın damarlarına nifaq sala bilməyiblər, çünki bu torpağı sevənlərin qanı eyni bayraq üçün axır.
Albertin və Denisin taleyi bu torpağın ən ali həqiqətini göstərir:
Vətəni sevmək üçün millət deyil, vicdan və mənəviyyat lazımdır.
Bu torpağı sevənlərin dili, dini, soy kökü fərqli ola bilər, amma onların ürəyi eyni söz deyir- Azərbaycan!
Biz bu ölkədə milli birliyimizlə güclüyük.
İllərdir düşmənlərimiz çalışsalar da, bu xalqı bir-birinə vura bilməyiblər, çünki bu Vətəni sevənlərin qanı eyni bayraq üçün axır.
Ruhun şad olsun, Denis!
Sən Azərbaycan adının böyüklüyünü qanla yazdın, övladın isə bu Vətənin sarsılmaz gələcəyidir.
Bu yazı Azərbaycan üçün can verən bütün vətəndaşların ruhuna ithaf olunur.
Tehsil-press.az