Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov AMEA-nın ümumi yığıncağında bəzi alimlərin yuxulaması ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə etiraz edib.Rektor bu mövzu ilə bağlı yazıb: "Dünən sosial mediada AMEA-nın illik hesabat tədbirindən yayılan bəzi görüntülər geniş müzakirə olundu. Eyni gün 95 illik yubileyi münasibətilə ADNSU-nun görkəmli alimi, professor Çingiz Müzəffər oğlu Xəlifəzadəni təbrik etmək şərəfinə nail oldum. Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar geoloqu, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Vyetnam Respublikasının fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadə Azərbaycan geologiya elminin simalarından biridir. Çingiz müəlllimin rəhbərliyi altında son 40 ildə 23 elmlər namizədi və üç elmlər doktoru hazırlamışdır".
R. Əzizov daha sonar yazır: "Yaşlı alimlərimizə münasibət cəmiyyətin elmə münasibətinin göstəricisidir. Biz onları bir kadrla və ya epizod ilə deyil, ömür boyu gördükləri işlərlə qiymətləndirməliyik. Təhsil və elm sahəsində müzakirələr mümkündür, lakin hörmət çərçivəsində. Bu insanlar ölkəmizin intellektual yaddaşıdır".
Sabiq millət vəkili, elm və təhsil bilicisi Etibar Əliyev isə bu paylaşımına görə rektorun özünü qınayıb. O, sosial şəbəkədə yazıb: “Yoldaş Əzizov! Bu yaxınlarda akademik Azad Mirzəcanzadənin elmi məktəbinin layiqli davamçısı, tanınmış neftçi-alim Bağır Süleymanov 66 yaşında vəfat etdi. Bağır Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. 25 fəlsəfə və 6 elmlər doktoru hazırlayıb.
Çingiz Xəlifəzadədən 29 yaş kiçik olan Bağır Süleymanovun göstəricilərini onun göstəricilərilə müqayisə edin. Öydüyünüz Xəlifəzadədən yüksəkdir. Bağır müəllim rəhmətə gedəndə başsağlığı belə vermədiniz! Bu barədə nə ADNSU-nun saytında, nə də şəxsi səhifənizdə məlumata rast gəlmədim. Onun kitabları və monoqrafiyaları rəhbərlik etdiyiniz ali məktəbdə tədrisdə və elmi tədqiqatlarda istifadə olunurmu? Bu barədə nə deyə bilərsiniz?
Cənab rektor! Müdriklik etmək istəyirsinizsə, müdriklər haqqında kitablar oxuyun. Epitemey təfəkkürlə 95 yaşına çatsan belə, müdrik ola bilməyəcəksən...”
Tehsil-press.az















