Bununla bağlı Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.
Eyni zamanda sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Milli Məclis mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydasını ilk oxunuşda qəbul edib.
Bununla bağlı "Mədəniyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Qrant haqqında" qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.
Layihəyə əsasən, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir. Bunlar nəzərə alınaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə "Mədəniyyət haqqında" qanuna dəyişiklik təklif edilib.
Sənəddə vurğulanıb ki, sözügedən qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. "Mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında, "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyası"nda və digər sənədlərdə istifadə edilib. Bu xüsusda, layihədə "mədəni və yaradıcı sənaye" anlayışının da təsbit edilməsi nəzərdə tutulur.
Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayının artırılması qəbul edilib.
Bununla bağlı Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.
Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Yeni qanun hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
***
Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini qəbul edib.
Bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Sənəddə təklif edilib ki, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilsin.
Bildirilib ki, dəyişikliklər xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Diqqətə çatdırılıb ki, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizmi bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Təklifin qəbulu nəticəsində ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Parlament məhkumun cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğin ilk növbədə onun əməkhaqqından tutulması haqda dəyişikliyi qəbul edib.
Bununla bağlı Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
Qeyd edilib ki, qüvvədə olan məcəlləyə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa qazancına yönəldilir.
Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.
Sənəddə vurğulanıb ki, cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə dəyişiklik edilib.
Beləliklə, dəyişikliyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.
Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə və ödənilməsi üçün kifayət etmədikdə xüsusi məhkumun mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda "İcra haqqında" qanunun tələbin cərimənin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Tehsil-press.az











