Tədbiri fakültənin dekanı, dosent Akif Ağbabalı açaraq belə tədbirlərin tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib. O, gələcək karyera seçimlərində bu kimi görüşlərin əhəmiyyətini vurğulayaraq Agentliyin nümayəndələrinə təşəkkür edib. Dekan tələbələrin Agentlikdə istehsalat təcrübəsi keçməsi və təcrübə proqramlarında iştirakının vacibliyini qeyd edib.
Daha sonra Agentliyin Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə və Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin məsləhətçisi Günel Quliyeva təqdimatlarla çıxış ediblər. Natiqlər yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı rol, Azərbaycanda xüsusilə perspektivli olan külək və günəş enerjisi layihələri, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə geniş məlumat veriblər.
Çıxışlarda ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üzrə mövcud vəziyyət, quraşdırılmış külək və günəş elektrik stansiyalarının gücü, eləcə də gələcək layihələr haqqında faktlar təqdim olunub. İşğaldan azad olunmuş ərazilərdə qurulan kiçik su elektrik stansiyaları və müxtəlif alternativ enerji mənbələrinin tətbiqinin effektivliyi haqqında danışılıb. Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olduğu, ölkənin regionun enerji təhlükəsizliyində mühüm payı və xarici investorların bu sahəyə artan marağı vurğulanıb.
Tehsil-press.az







