ADNSU-da startap layihələrinin maliyyələşdirilməsinə həsr olunmuş seminar

ADNSU-da startap layihələrinin maliyyələşdirilməsinə həsr olunmuş seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əcnəbi ekspertlərin iştirakı ilə startap layihələrinin maliyyələşdirilməsi mexanizmlərinə həsr olunan seminar keçirilib.
Seminarda universitetin rektoru, professor Mustafa Babanlı təhsil müəssisəsində bütün sahələrdə kəmiyyətlə bərabər, keyfiyyətin yüksəldilməsi istiqamətində ciddi işlərin görüldüyünü diqqətə çatdırıb. ADNSU-da startap layihələri ilə məşğul olan tələbələrin fəaliyyəti barədə danışan rektor qeyd edib ki, universitetdə yeniliklərə və yenilikçi gənclərə, innovativ ideyaları olan hər kəsə uğurlu nəticə üçün lazımi şərait yaradılıb.
Seminarın gündəliyinə uyğun olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, professor Nurəli Yusifbəyli “Azərbaycan energetikası: keçmiş və gələcək qovşağında” mövzusunda məruzə ilə çıxış edib. O, müvafiq sahənin inkişafında ADNSU-nun yetişdirdiyi mütəxəssislərin rolundan danışıb.
Sonra Private Financing Advisory Networking (PFAN) Azərbaycan və Gürcüstan respublikaları üzrə əlaqələndirici Nikolay İlyinin “PFAN veb-portalı və startap layihələrinin maliyyələşdirilmə mexanizmi”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsinin müdiri, dosent Ramiz Kəlbiyevin “Azərbaycan Respublikası ərazisində mövcud olan geotermal enerji mənbələri” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər