Vahid Aslanın poeziyasında olduğu kimi nəsr əsərlərində də istedad boy göstərir

Vahid Aslanın poeziyasında olduğu kimi nəsr əsərlərində də istedad boy göstərir Son dövrlərdə böyük maraqla oxuduğum və bədii dəyərindən zövq aldığım kitablardan biri də Vahid Aslanın 2025-ci ildə “CBS” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş “Çətindərə” adlı kitabı oldu. Elə kitabın adı da orada təqdim olunan “Çətindərə” romanından götürülmüşdür. Eyni zamanda kitabda müəllifin bir-birindən maraqlı olan otuza yaxın hekayəsi də yer almışdır.

“Çətindərə” romanı ömrünün yarım əsrinin tamamından geriyə – uşaqlıq illərinə boylanan müəllifin həyat hekayəsidir. Romanda cərəyan edən hadisələr müəllifin özünün də qeyd etdiyi kimi uydurma deyil, yaşanmış real həyat hadisələridir. Üç fəsildən ibarət olan romanın birinci fəslində oxucunun təsəvvüründə yarım əsr bundan əvvəl Gədəbəyin Çətindərə yaylağına qalxıb yurd salan böyük ailənin yaşantısı canlanır. Meşədə göbələk, çiyələk, moruq, qarağat yığan, atasına, əmisinə, böyük qardaşına qoşulub, at belində yurd yerlərini, yaylaqları gəzən, sarı təpəl quzusunun ölümünə kədərlənən, nənəsinin nəhrəsindən alınan sapsarı yağı sac lavaşı, kömbə ilə iştahla yeyən, böyüklərin məclisində dinlədiyi saz havasına, aşıq dastanlarına heyran olan, ata-anası bikef, ya da xəstə olanda onların əhvalını bir öpüş ilə xoşhal edən uşağın indiki dövrdəki həmyaşıdlarına qismət olmayan qayğısızlığı göz önünə gəlir. Oxucu o uşağa qoşulub çilik-ağac, dingilim-ağac, süzdürmə, çöpdağıtma oyunlarının incəliyini öyrənir.

İkinci fəsildə təsvir olunan həyatın bahar tablosunda uşaq obrazını qoyun-quzu növbəsinə gedən, başı kitab oxumağa qarışdığından heyvanları başlı-başına buraxan, göldə iri balıq tutduğuna sevinən, dünyanın gərdişi ilə bağlı böyüklərlə fikir mübadiləsi aparan yeniyetmə əvəzləyir.

Romanın son – üçüncü fəslini danışan gənc artıq ali təhsillidir, daha məsuliyyətlidir, konkretdir, haqqında danışdığı məkanların adlarının mənasını bir toponimist kimi izah edir, erməni quldurlarının ölkəmizə təcavüzünü, zəhmətkeş kənd adamlarının həyat ritmini pozan, yurd yerlərini atəşə məruz qoyan müharibəni pisləyir, “Baskənd” əməliyyatı və digər uğurlu şücaət nümunələri ilə Gədəbəyi işğaldan qoruyan igidlərin qəhrəmanlığını, əsgər və zabitlərimizə əlindən gələn yardımı əsirgəməyən sadə vətəndaşlarımızın qeyrətini tərənnüm edir, şəhidlərimizin ruhuna rəhmət diləyir.

Hamımız – Vahid müəllim də, bu sətirlərin müəllifi də, hörmətli oxucularımız da xoşbəxtik ki, haqlı olaraq Vətən müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsi Müzəffər Ordumuzun Şanlı Qələbəsi ilə yekunlaşdı, ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu.

Vahid Aslanın haqqında söhbət açdığım kitabında yer alan hekayələri də çox ibrətamizdir. Həmin hekayələrdə içki düşkünü olan bədbəxt atalar, övladlarını razılığı olmadan istəmədiyi şəxslərlə evləndirən valideynlər, qadına qarşı zor işlədən ərlər tənqid olunur, hələ də ucqarlarda sonsuz, yaxud oğul doğmadığına görə aşağılanan qadınların acı taleyi təsvir olunur. Haqsızlıqlarla barışmayan müəllif qız övladını uşaq evinin kandarında atıb gedən naşükür valideynlərdən özü bildiyi kimi qisas alır – onları avtomobil qəzasında, ya da başqa bir üsulla cəhənnəmlik edir. On illərlə kirayə evlərdə yaşamaq məcburiyyətində qalan müəllim əməyini “İlin müəllimi” mükafatı ilə qiymətləndirir, müəllimin qızının lotereya bileti mənzil udur… Eh, kaş, fələk də ədalətli olaydı, saydığını Vahid müəllim saydığı kimi sayaydı!

Ayrıca qeyd etməyə dəyər ki, hekayələrin bir çoxu məhz koronavirus pandemiyasının tüğyan etdiyi, hamının evə qapandığı dövrdə qələmə alınıb. Dünyada bu tendensiyaya “koronavirus ədəbiyyatı” deyilir. Hekayələrin birində bu gözəgörünməz düşmənlə mübarizədə çoxlarının həyatını xilas edən, lakin özü qurban gedən həkimin acı aqibətindən söz açılıb.

Vahid müəllim hekayələrində öz həmkarlarını, müqəddəs müəllimlik peşəsinin müsafirlərini də diqqətdən kənarda qoymayıb – eşitdiyi, bildiyi konkret hadisələri misal çəkərək, məsələn, Mir Cəlal müəllimin şagird və tələbələrə qayğılı münasibətini, təvazökarlığını təqdir edib. Digər tərəfdən müasir dövrümüzdə dərslərə biganə yanaşan təkəbbürlü, dəbli geyinən, aksesuar həvəskarı olan təhsil işçilərini tənqid edib. Vahid Aslanın “İnsanlığın İlyas Tapdıq zirvəsi” oçerki, istedadlı xanəndə Səxavət Məmmədovun xatirəsinə həsr etdiyi “Ömür sürməli dövrandı” hekayəsi qədirşünaslığın ən yaxşı nümunələrindəndir.

Bənzətmələri də uğurlu alınıb: Müəllif “quruyan çayın dibindəki daşları ölü dişləri kimi ağardır”, sevgi oxu daşa dəyən “gözlərdən axan iki damla yaşla nakam eşqin ağ-qara rəngini çəkir”, halal adamları “Ağ Yol”a varid edir, yalançıları, haramxorları “Qara Yol”a, halalla haramı ayırd etməyənləri isə cənnətə nisbətən daha çox cəhənnəmə yaxın olan “Boz Yol”a vasil edir.

Qələmdaşım, həmkarım Vahid Aslana uzun ömür, can sağlığı, peşə fəaliyyətində uğurlar, elmi və ədəbi yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıram. Qoy, xalqımız bundan sonra daha müharibədə görünən düşmənlə, yoluxucu xəstəlik kimi görünməyən düşmənlə üzləşməsin. Qoy, Vahid Əsgərov kimi pedaqoqlardan təlim-tərbiyə alan uşaqlarımız, Vahid Aslan kimi ədibləri mütaliə edən gənc nəsil babaların onlara miras qoyduqları mənəvi dəyərləri, atalarından təhvil aldıqları Qələbə estafetini ləyaqətlə firavan gələcəyə daşısınlar.

Səməndər MƏMMƏDOV,
Yazıçı-publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü,
“Cümhuriyyətin 100 illiyi” mükafatı laureatı.


Tehsil-press.az

Oxşar xəbərlər