Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İranla mümkün hərbi qarşıdurması fonunda verdiyi sərt bəyanatla beynəlxalq ictimaiyyətə mühüm mesaj ünvanlayıb. Türkiyə prezidenti bildirib ki, Yaxın Şərqdə artan gərginlik vaxtında nəzarət altına alınmasa, bunun həm regional sabitlik, həm də qlobal təhlükəsizlik üçün ağır və uzunmüddətli nəticələri qaçılmaz olacaq.Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulayıb ki, davam edən qarşıdurma artıq təkcə hərbi risklərlə məhdudlaşmır. Onun sözlərinə görə, proses iqtisadi və geosiyasi qeyri-müəyyənliyi dərinləşdirir, enerji bazarlarında dalğalanmanı artırır və beynəlxalq təhlükəsizlik sistemini sarsıdır. Ərdoğan qeyd edib ki, böhran nəzarətdən çıxarsa, təsirləri bütün dünyaya yayılacaq və heç bir ölkə bu yükə uzun müddət tab gətirə bilməyəcək.
Türkiyə lideri çağırış edərək bildirib ki, alov daha da güclənmədən söndürülməli, münaqişənin genişlənməsinin qarşısı təcili şəkildə alınmalıdır. Onun fikrincə, diplomatik mexanizmlər işə salınmalı və tərəflər danışıqlar masasına qayıtmalıdır.
Məsələni şərh edən politoloq Heydər Oğuz hesab edir ki, Ərdoğanın bəyanatı həm regiona, həm də böyük güclərə ünvanlanmış strateji mesajdır.
Onun sözlərinə görə, İranla açıq müharibə ssenarisi enerji xətlərinin təhlükə altına düşməsi, neft qiymətlərinin kəskin artması və qlobal iqtisadi böhran riskini artırır.
Ekspert vurğulayır ki, Türkiyə həm NATO üzvü, həm də İranla qonşu dövlət kimi həssas mövqedədir və genişmiqyaslı müharibə Ankaranın təhlükəsizlik maraqlarına birbaşa təhdid yarada bilər.
“Ərdoğanın çıxışı balanslı diplomatiyanın davamıdır. Türkiyə müharibənin genişlənməsinin əleyhinədir və böhranın siyasi-diplomatik yollarla həllini istəyir”, – deyə Heydər Oğuz bildirib.
Politoloqun qənaətinə görə, böhran nəzarətdən çıxarsa, təsirləri yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq, Cənubi Qafqaz da daxil olmaqla daha geniş coğrafiyada yeni risklər formalaşacaq.
Buna görə də beynəlxalq ictimaiyyətin vaxtında müdaxiləsi həlledici əhəmiyyət daşıyır.
Tehsil-press.az










