Oqtay Zülfüqarov uşaqlar üçün 750 mahnı yazıb

Oqtay Zülfüqarov uşaqlar üçün 750 mahnı yazıb Deyirlər, musiqi sərhəd bilmir, millət tanımır, dili-ağzı yoxdur musiqinin, sadəcə ruha qida verən, insanı mənən zənginləşdirən nemətdir. Bir filosof söyləyib ki, musiqi sözsüz, bəzən isə çox dərin mənaları ifa edən nitqdir. V.Baxın fikrincə, musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir. İncəsənətin gözəlliyi də ən çox musiqi ilə ifadə olunur. Yunan filosofu Platon isə musiqiyə belə qiymət vermişdir: ”Musiqi əxlaqi qanundur, o bütün dünyanı ilhama gətirir.Qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur”.

Doğrudan da musiqi ovqatdan asılı olaraq insanı həm sevindirmək, həm də kədərləndirmək gücünə malikdir.
Sübut olunub ki, qadınların hamiləliyinin artıq 5 aylığında uşaqlar ana bətnində, ana laylası kimi musiqini də başa düşürlər. Deməli, uşağı hələ ana bətnində olarkən musiqi ilə -tərbiyələndirmək lazımdır. Çünki uşaq 8 aylığa qədər musiqi ilə ana bətnində böyüyür. Ona görə də hamilə qadınlar dünyaya gətirəcəkləri uşaqların fiziki cəhətdən gələcəkdə sağlam böyümələri üçün rahatca oturub musiqiyə, həm klassik, həm də müasir musiqiyə qulaq asmalıdırlar. Belə olduqda uşağın beyni sakitləşir, ana bətnində normal inkişaf edir. Zəmanəmizin dünya şöhrətli bəstəkarı Arif Məlikov və görkəmli vokalçı Xuraman Qasımova da musiqinin hələ erkən çağlarında uşaqların psixikasında və mənəvi tərbiyəsində oynadığı müsbət təsirə böyük önəm verirlər. Bəli, həm klassik, həm də müasir ruhlu musiqi uşaqların mənəvi və estetik tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan müstəqillik qazanandan sonra respublikamızda əsl professional musiqi təhsilinin inkişafı üçün geniş və hərtərəfli şərait yaradılmışdır. Bu cəhətdən müstəqilliyimizin şərəfli tarixi ilə (21 il) yaşıd olan Mədəniyyət Dövlət Uşaq Filarmoniyası respublikamızın musiqi həyatında əvəzsiz rol oynayır.
Bu mədəniyyət ocağı arxada qalan illər ərzində uşaq və yeniyetmələrin estetik tərbiyəsində, onların istedadlarının aşkar edilməsində, professional musiqiçi kadrların yetişməsində mühüm yer tutan bir təşkilata çevrilmişdir.
Bu yaxınlarda biz də uşaqların sevimli istirahət yeri olan mədəniyyət ocağında olduq. Uşaq Filormaniyasının direktoru Fərəh Şəkinskaya ilə görüşüb mədəniyyət ocağı barədə xeyli xoş məlumat aldıq.

Oqtay Zülfüqarov uşaqlar üçün 750 mahnı yazıb

Son illər mədəniyyət tariximizdə baş verən sevindirici hadisələri nəzərə alsaq, qeyd etməliyik ki, bu dövr mədəniyyətimizin çiçəklənməsi dövrü oldu. Xüsusilə Dövlət Uşaq Filarmoniyasında böyük bir çevrilişə səbəb olan hadisəni yada salsaq yerinə düşər. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2006-cı ildə filarmoniyada uşaq-gənclər simfonik orkestri yaradıldı. Bu, hələ heç bir xarici ölkədə analoqu olmayan bir xoş hadisə idi. Bakıda müxtəlif musiqi müəssisələrindən 150 uşağa seçim turu keçirildi və nəhayət , 11-15 yaş arasında 50 gənc istedadlı musiqiçi seçildi və beləliklə, simfonik orkestr fəaliyyətə başladı. Qısa vaxtda orkestruğurlu çıxışları ilə Azərbaycan musiqisini dünyaya tanıtdı. Respublikanın birinci xanım Mehriban Əliyevanın qayğısı sayəsində kollektiv 2000-ci ildə YUNESKO-nun mənzil-qərargahında, Avropa İttifaqının Strasburqdakı konsert zalında , sonrakı illərdə Stokholm və Haaqada öz qastrol səfərlərini davam etdirir və bir çox başqa tədbirə qatıldı. O cümlədən Respublika Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın da iştirak etmək hüququ qazandı. 2007-ci ildə Fransadakı çıxışlarından sonra orkestrin üzvlərindən 11 nəfər – Elgün Ağazadə, Şəms Ağazadə, Sabir Rəsulov, Günel Saqıqova, Tural Quliyev, Məhəmməd Rəcəbli, Məmmədli Məmmədliyev, Nigar İbrahimova, Cəmilə Qarayusifli, Tural Ağayev və Anar Seyidov Prezident təqaüdünə layiq görüldülər.
Simfonik orkestrin ayağı sayalı oldu. Onun ardınca Uşaq Filarmoniyasında 60 nəfər istedadlı uşaqdan ibarət xalq çalğı alətləri orkestri təşkil olundu. Orkestrin repertuarına Süleyman Ələsgərov, Oqtay Zülfüqarov və başqa tanınmış bəstəkarların əsərləri daxil edilmişdi. Biz sevinirik ki, uşaqlarımızı milli ruhda tərbiyə edir, onların mənən zənginləşməsinə səy göstəririk. Onu da yaxşı bilirik ki, uşaqlarımız, ilk növbədə, milli musiqimizi, milli mədəniyyətimizi bilməlidirlər. Xalq mahnılarına məhəbbət tərbiyə etmək də mühüm məsələdir, çünki xalq musiqisi Azərbaycan mədəniyyətinin böyük hissəsini təşkil edir.
Filarmoniyada vokal sinifləri və “Nərgiz” xor kollektivi də fəaliyyət göstərir. Bu xor kollektivinin müxtəlif mötəbər tədbirlərdə uğurlu çıxışları bu sahədə tədrisin keyfiyyətindən və yeni istedadların yetişdiyindən xəbər verir.
Filarmoniyada 3-10 yaş arasında uşaqlar “Aysel” teatrında fəaliyyət göstərir. Teatrın bədii rəhbəri xalq artisti, tanınmış uşaq bəstəkarı, “Şöhrət” ordeninə layiq görülmüş Oqtay Zülfüqarovdur.
Mədəniyyət ocağının da bədii rəhbəri olan Oqtay müəllim uzun illərdir ki, sevimli uşaqlarla işləməkdən yorulmur. O, bu gün də gənclik həvəsi ilə çalışır, uşaqların qəlbində musiqiyə məhəbbət alovu yandırır.

Oqtay Zülfüqarov uşaqlar üçün 750 mahnı yazıb

Yaxşı olar ki, onun özü ilə görüşüb ətraflı söhbət edəsiniz.
Fərəh xanımın təklifi ürəyimdən oldu. Axı özümü tanıyandan Oqtay Zülfüqarovu da tanınmış, Azərbaycanda birinci uşaq bəstəkarı kimi onu qəbul etmişəm. Zəngin yaradıcılığına kifayət qədər bələdəm.
Əsasən uşaqlar üçün yazıb yaradan məhsuldar bəstəkar indiyə kimi iki opera, bir operetta, 4 simfoniya, çoxlu kamera əsərinin də müəllifidir. Ümumilikdə, onun yaradıcılıq bioqrafiyasında minə qədər müxtəlif janrlarda musiqi əsəri var ki, onların da 750-si sırf uşaqlara məxsusdur.
Bu da Oqtay müəllim. Onun otağında söhbət edirik. Yaşına baxmayaraq çox huşyardır. Onunla söhbətimiz xeyli davam edir. Sonra fikrimi öyrənmək üçün “Bir azdan məşq zalında “Aysel” teatrının məşqi başlanır, vaxtın varsa, məşqdə iştirak et, uşaqların qabiliyyətinə özün qiymət ver”- söyləyir. Razılaşıram. Məşq zalına daxil oluruq. Uşaqlar artıq səhnədədir. Məktəb yaşına çatmış şirin-şəkər uşaqlar, gözəl-göyçək oğlan və qızlar. Onların valideynləri də zalda oturub.
Mən də onlara qoşulub ön partada qərarlaşıram. Musiqi çalınır. Uşaqlar səhnədə məharətlərini göstərirlər. Oqtay müəllimin bəstələdiyi müxtəlif mahnıları məşq edirlər. Məşq “Gedək gəzək şəhərdə” mahnısı ilə başlanır. Bədii rəhbər arada məşqi dayandırıb uşaqlara məsləhətlərini verir. Beləcə, bir-iki dəfə Oqtay müəllim məsləhətini verib, iradını bildirir. Sonuncu dəfə uşaqların ifası xoşuna gəlir. Sonra “Obamıza bahar gəldi”yə növbə çatır. Bu mahnı üzərində Oqtay müəllim çox vaxt itirmir. Daha sonra “Mən kiməm?”,”Əməyi sevirik biz”,”Əkiz bacılar”,”Şəkil çəkmişəm ana” və s. mahnıları ifadə edən uşaqlar valideynlərin alqışları ilə qarşılanır.
Beləcə, 2 saata qədər davam edən məşqlər başa çatır. Oqtay müəllim növbəti məşqin vaxtını uşaqlara və onların valideynlərinə xatırladır.
Uşaqlar və valideylər Oqtay müəllimlə xudafizləşib məşq zalını tərk edirlər. Biz isə bəstəkarla söhbətimizi davam etdiririk. Məşq barədə fikrimi soruşur. Məşqlərdən böyük zövq aldığımı bildirib, bir neçə sualla həmsöhbətimə müraciət edirəm.

Oqtay Zülfüqarov uşaqlar üçün 750 mahnı yazıb

- Oqtay müəllim, necə oldu ki, özünü sırf uşaqlara həsr edən bəstəkar kimi tanındınız?
- Mən dünya şöhrətli bəstəkar Qara Qarayevin yetirməsiyəm. Ondan öyrənmişəm. Ruhu şad olsun Qara müəllim. Bi gün məni çağırıb dərhal mətləbə keçdi:
Oqtayçik (o mənə həmişə nəvazişlə belə müraciət edərdi), oynaq musiqi bəstələyirsən, 2-3 uşaq mahnısı bəstələ. Səndə yaxşı alınır.
Mən müəllimin xeyir-duasını, məsləhət və tövsiyəsini qəbul etməyi qərara aldım. İlk növbədə uşaq şeirlərinə müraciət etdik. A.Şaiqgilə getdim. Bir neçə uşaq şeirini bəyənib götürdüm. “Oynayaq top-top”,”Qərənfiləm mən” və s. mahnılarım belə yarandı. Sonra Mir Mehdi Seyidzadə şeirlərinə müraciət etdim. “Telefon”,”Dağlar” mahnıları onunla birgə yaradıcılığımızın bəhrəsidir. Beləliklə, uşaqlar üçün bəstələdiyim şeirlərin coğrafiyası genişlənməyə başladı. Yusif Həsənbəy, Tofiq Mahmud, Hikmət Ziya, Tofiq Mütəllimov, Xəlil Rza ilə yaradıcılıq əlaqələrim uzun illər davam etdi. Teymur Elçinlə tanışlığım da yaradıcılığıma xeyli təkan verdi. Silsilə uşaq mahnılarımız dillər əzbəri oldu. “Laylay”,”Sərçə” mahnıları bu qəbildəndir.

- Oqtay müəllim, mənim müşahidələrimə görə son illər bəstələdiyiniz mahnıların sözlərini də özünüz yazırsınız. Bu nə ilə əlaqədardır?
- Mahnı mətnlərini özüm yazmağıma səbəb uşaqlar üçün yazan şair dostlarımın azalmasıdır. Məcbur olub bəstələdiyim mahnıların mətnini də özüm yazıram. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, yeni mahnılarım pis qarşılanmır. Bu silsilədən xeyli mahnı yaranıb.

- Bu nəcib, xeyirxah fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayırıq, Oqtay müəllim!

Söhbəti qələmə aldı:
İdris HACIZADƏ


Oxşar xəbərlər