Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil Nazirliyi sistemindəki internat məktəblərində silsilə tədbirlər keçirilib.
Heydər Əliyev Fondu və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir təşkil olunub. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, müəllimlər və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində keçirilən digər tədbirdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və səfirliyin əməkdaşları şagirdlərlə görüşüblər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş bayram tədbiri də maraqla qarşılanıb.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində təşkil olunmuş tədbirdən sonra şagirdlərin Zirə Mədəniyyət Mərkəzi və Eko Parka səfərləri təşkil olunub.
Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində şagirdlər asfalt üzərində və malbertlərdə rəsmlər çəkib, əl işləri nümayiş olunub və futbol yarışı keçirilib. Tədbirə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi, Sumqayıt Şəhər Mədəniyyət və Turizm Şöbəsi və YAP Sumqayıt Şəhər Təşkilatının təmsilçiləri qatılıblar.
Həmçinin, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 2-də Bakı Fransız Liseyi Təhsil Kompleksində keçirilən tədbirdə 10 nömrəli Sanatoriya tipli internat məktəbin şagirdləri iştirak ediblər.
Keçirilən tədbirlərdə şən mahnılar ifa edilib, şagirdlərin ifasında rəqs, musiqi nömrələri nümayiş olunub, şeirlər səsləndirilib və uşaqlara müxtəlif hədiyyələr verilib.

Tehsil-press.az

Oxşar xəbərlər