Prezident Bərdə türbəsində və Torpaqqala kompleksində

Prezident Bərdə türbəsində və Torpaqqala kompleksində Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb.
Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub.
Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub.
Qeyd edək ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvari quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır.
Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib sürətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər