Bədii gimnastlarımız Portuqaliyada 3 medal qazanıblar

Bədii gimnastlarımız Portuqaliyada 3 medal qazanıblar Beynəlxalq idman arenalarını fəth etməkdə davam edən bədii gimnastlarımızdan xoş xəbər bu dəfə Portuqaliyadan gəlib.
Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası düz 3 dəfə fəxri kürsüyə yüksəlib. Bütün mümkün finallarda medal qazanan qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.
Turnirin son günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdikləri kompozisiya gümüş medalla mükafatlandırılıb.
Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız Dünya Kubokunun qızıl medala sahiblənməklə, Azərbaycan Himnini Portimao arenasında səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər