Görkəmli isveçrəli alim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunub

Görkəmli isveçrəli alim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunub İsveçrənin Bern Universitetində dünya şöhrətli şərqşünas alim, professor Yohann Kristof Bürgelin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunması mərasimi keçirilib. Tədbir beynəlxalq elmi dairələrlə sıx işgüzar münasibətləri davam etdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və Bern Universitetinin təşkilatçılığı ilə reallaşıb.
Tədbiri giriş sözü ilə Bern Universitetinin humanitar elmlər fakültəsinin dekanı, professor Stefan Rebenix açıb. Təltif olunan elm xadimini və qonaqları salamlayan Stefan Rebenix belə bir mötəbər tədbirin məhz Bern Universitetində keçirilməsini önəmli bir hadisə kimi səciyyələndirib. O, Yohann Kristof Bürgelin uzun illər ərzində Bern Universitetində apardığı elmi fəaliyyəti yüksək qiymətləndirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı katibinin elmi və mədəni layihələr üzrə müavini Arzu Təbrizli təmsil olunduğu qurumun fəaliyyəti haqqında qonaqlara qısa məlumat verib. O, mərkəzin 2012-ci ildə Azərbaycanda təsis olunduğunu, ölkə rəhbərinin davamlı qayğı və dəstəyi sayəsində artıq beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini, ildən-ildə beynəlxalq tərəfdaşlarının çoxaldığını bildirib. Həmçinin mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunub saxlanılması, öyrənilməsi və təbliğ olunması sahəsində beynəlxalq elmi dairələrlə, akademik təsisatlarla, görkəmli nizamişünas və şərqşünas alimlərlə müxtəlif elmi layihələr həyata keçirdiyini deyib. Yohann Kristof Bürgelin Nizami irsinin öyrənilməsi, onun əsərlərinin alman dilinə tərcüməsi və təbliği sayəsində əvəzsiz xidmətlərini qeyd edən A.Təbrizli mükafatın bu görkəmli alimə təqdim olunması səbəblərindən danışıb.
Azərbaycan Respublikasının İsveçrə Konfiderasiyasındakı səfiri Xanım İbrahimova Nizaminin Azərbaycana bağlılığından, Azərbaycan xalqının və dövlətinin şairin xatirəsini əbədiləşdirmək istiqamətində apardığı fəaliyyətdən danışıb. Səfir Nizaminin xalqlar və millətlər arasında öz mənəvi və humanizmi ilə bir körpü olduğunu qeyd edib.
Kembric Universitetinin professoru Christine Van Ruymbeke Nizami və Yohann Kristof Bürgelin onun elmi həyatında, bir alim kimi formalaşmasında oynadığı əvəzsiz roldan söz açıb. O diqqətə çatdırıb ki, məhz Yohann Kristof Bürgelin tərcümələri sayəsində Nizami poeziyasına vurulub və həyatını bir sıra Şərq şair və mütəfəkkirləri ilə bərabər, Nizami Gəncəvinin irsinin də araşdırlımasına həsr edib.
Humbolt Universitetinin professoru Eva Maria Aux Nizami yaradıcılığını sevgi və ən ali mənəvi dəyərlərin təcəssümü kimi qiymətləndirib. O, isveçrəli alimin Nizami poemalarının alman dilinə etdiyi tərcümələr sayəsində minlərlə insanın Nizami fenomenini kəşf etdiyini, bu gün də onu böyük həvəslə oxuduğunu nəzərə çatdırıb. O, həmçinin vurğulayıb ki, Nizami yaradıcılığındakı humanizm elementləri bütün Şərq intibah nümayəndələrindən fərqlənir və doqquz əsr keçməsinə baxmayaraq, onun mənəvi dəyərləri bu gün də aktualdır. Alim qeyd edib ki, Azərbaycanda dünya ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədilə xarici ədəbiyyat nümunələri öyrənilir və tərcümə edilir, bu fəaliyyət geniş maraq doğurur. Eyni zamanda, ən ali humanist dəyərləri ehtiva edən Nizami yaradıcılığı bu gün Azərbaycanda geniş təddiq və təbliğ olunur.
Tədbirdə Bürgelin Nizami yaradıcılığından alman dilinə tərcümə etdiyi poemalardan parçalar, həmçinin Azərbaycan dilində şairin qəzəlləri səsləndirilib.
Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva Qərb elmi ictimaiyyətində Nizaminin fars ədəbiyyatı nümayəndəsi kimi qəbul olunmasının yanlışlığı haqqında söz açıb. Elmi dəlillər irəli sürən alim dünya ədəbiyyatında bir sıra görkəmli yazarların öz doğma dillərində əsər yaratmadıqlarını deyib, amma bu faktın onların milli mənsubluğunun başqa xalqlara aid edilməsi üçün əsas olmadığını vurğulayıb. O, əfqan mənşəli Xalid Hüseyn kimi məhşur bir yazıçının ingilis dilində yazmağına baxmayaraq, dünya ictimaiyyətinin onu ingilis yazıçısı kimi yox, məhz əfqan yazıçısı kimi tanıdığını qeyd edib.
Boloniya Universitetinin professoru Karlo Sakkone 87 yaşlı Yohann Kristof Bürgel ilə 20 ilə yaxın zaman kəsiyini əhatə edən dostluğundan söz açıb. İlk dəfə elmi konfransda tanış olduqlarını qeyd edən alim onların gələcək əməkdaşlıqlarının məhz Nizami yaradıclığı əsasında formalaşdığını söyləyib. O, İtaliya şərqşünaslarının hər zaman Nizami yaradıcılığının öyrənilməsinə böyük maraq göstərdiklərini, Alessandro Bausinin Nizamini ilk olaraq italyan dilinə tərcümə etdiyini və beləliklə, onu İtaliya xalqına tanıdan ilk şərşünas alim olduğunu söyləyib. O, həmçinin görkəmli İtaliya bəstəkarı Cakomo Puççinin “Turandot” operasının əsasını təşkil edən hekayənin məhz Nizaminin “Yeddi gözəl” poemasındakı Qırmızı sarayın şahzadəsinin hekayəsindən ilhamlanaraq yazıldığını və bu faktın az sayda mütəxəssislərə bəlli olduğunu söyləyib.
Tədbirin təşkilində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxından əməkdaşlıq edən Bern Universitetinin Şərq və İslam tədqiqatları kafedrasının rəhbəri, professor Anke von Kügelgen Yohann Kristof Bürgeli belə bir mükafatla təltif olunması münasibətilə təbrik edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə gələcəkdə müxtəlif akademik tədbirlər çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Sonda Yohann Kristof Bürgel tədbirin təşkilatçılarına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürü bildirib. Belə bir mükafatla təltif olunmasını möcüzə kimi dəyərləndirən alim bir elm xadimi kimi formalaşmasında Nizami yaradıcılığının rolunu xüsusi qeyd edib.
Qeyd edək ki, Yohann Kristof Bürgel Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi, "Xəmsə" nin alman dilinə tərcüməsi və təbliği istiqamətində böyük işlər görüb. O, müxtəlif illərdə Nizami Gəncəvinin "Xəmsə"sinin müəyyən hissəsini alman dilinə tərcümə edib, Nizami yaradıcılığının tədqiqinə həsr olunmuş bir sıra elmi konfranslar təşkil edib, çoxlu sayda elmi məqalə yazıb. Onun Nizami yaradıcılığı ilə bağlı alman dilinə tərcümə etdiyi nümunələrdən 1967-ci ildə "Bəhram Şah və onun kənizi (Fitnə) haqqında hekayə"ni, 1974-cü ildə "Nizami dili və poeziyası" - "Sirlər xəzinəsi" didaktik poemasından bir hissəni, 1980-cı ildə "Nizami: Xosrov və Şirin" poeması, 1991-ci ildə "Nizami: İskəndərnamə" poeması, 1997-ci ildə "Nizami: Bəhram Şah və onun yeddi şahzadəsinin macəraları"nı qeyd etmək olar. 2011-ci ildə Kembric Universitetinin alimi Kristina van Ruymbeke ilə birlikdə "Hakimin xəzinəsinin açarı. Nizami Gəncəvinin "Xəmsə"sinin sənətkarlıq və insanlıq aspektləri" adlı elmi məcmuəsi xüsusilə qeyd edilməlidir
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən, nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində yaxından əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq, 2018-ci il 14-15 mart tarixlərində Mərkəz tərəfindən Bakı şəhərində "Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası" adlı ilk beynəlxalq elmi konfrans təşkil olunub. Konfransda 13 ölkədən (Kanada, Amerika, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 əcnəbi, Azərbaycandan isə 30 nizamişünas alim iştirak edib.

Elgün Niftəli

Oxşar xəbərlər