Xalqımız onların əsl niyyətinin nə olduğunu gözəl bilir - Deputat

Xalqımız onların əsl niyyətinin nə olduğunu gözəl bilir - Deputat Əslində gözləntilər özünü tam doğrultdu. Azərbaycan bu yaxınlarda Formula 1 yarışlarına, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək səviyyədə ev sahibliyi etdi. Mayın 29-da isə Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Dünyanın idman ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtına istiqamətlənəcək. Bu reallıqlar fonunda yenidən ölkəmiz anti-Azərbaycan qüvvələrin hədəfinə çevrilib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər instansiyalar Azərbaycana qarşı yenidən qarayaxma kampaniyasına start veriblər.
Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.
Elman Nəsirov qeyd edib ki, biz əvvəllər də bu cür qarayaxmaların şahidi olmuşuq. “Avroviziya” musiqi yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçirilən zaman da biz bu cür hallarla rastlaşmışıq. Bu qərəzli qüvvələrin ittihamları absurddur. Onlar Azərbaycanın guya təhlükəli bir ölkə olduğu haqqında fikirlər səsləndirirlər, viza almağın çətinliyindən, demokratiya, insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olmasından, otel, təyyarə biletlərinin qiymətlərinin yüksək olmasından bəhs edirlər. Bu, yalan, iftira, uydurma əsasında formalaşmış mövqedir. Yanaşma ona görə absurddur ki, Azərbaycanın nə qədər təhlükəsiz ölkə olduğunu bütün dünya bilir. Azərbaycana gələn turistlər müsahibələrində dəfələrlə bunu qeyd ediblər.
“Keçən il Böyük Britaniyanın “Çelsi” komandası Azərbaycanın “Qarabağ” komandası ilə yarışarkən oradan gələn turistlər də deyiblər ki, Bakı şəhəri çox təhlükəsiz şəhərdir. İndi bəs nə baş verdi? Azərbaycana vizanın alınmasını çox mürəkkəb olmasından bəhs edirlər. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan məsələdir. Azərbaycanda “ASAN Viza” tətbiq edilir. Dünyada Azərbaycan qədər viza almanın sadə olduğu ikinci bir ölkə tapmaq çətindir. Bu, hər kəsə gün kimi aydın məsələdir ki, əslində onların güddükləri mətləb tamamilə başqadır. Bu qüvvələr, anti-Azərbaycan siyasi dairələr ona görə narahatdırlar və şər-böhtan kampaniyasına ona görə başlayıblar ki, onlar Azərbaycanda sabitliyin daha da möhkəmləndiyini, təhlükəsiz mühitin daha da gücləndiyini görürlər. Bunun əsasında inkişaf baş verir. Azərbaycanın dünyaya multikulturalizm dəyərlərini ixrac edir. Amma onlar bunun əvəzində islamofobiyanı, ksenofobiyanı, irqçilik nəzəriyyələrini ifraz edirlər. Bu baxımdan, qlobal barışığın və sülhün təminatı üçün Azərbaycan öz multikulturalizmi ilə birgəyaşayışı təbliğ edir, amma onlar qlobal xaos, müsəlman dünyasında qarşıdurma yaratmaq naminə islamofob düşüncələri dünyaya yayırlar. Bu səbəbdən Azərbaycan növbəti dəfə hədəf seçilib. Amma onlar yanılırlar. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız çox gözəl dərk edir ki, bu qüvvələrin əsl niyyəti nədir. Xalqımız həmin bu qüvvələrin əsl niyyətinin Azərbaycandakı sabitliyi pozmaq, təhlükəsizlik mühitini dağıtmaq olduğunu çox gözəl bilir. Azərbaycan xalqı bilir ki, bu sabitliyin, təhlükəsizliyin qarantı xalq-hakimiyyət birliyidir. Xalq-hakimiyyət birliyi olan yerdə heç bir halda sabitlik pozula bilməz, təhlükəsizlik mühiti dağıla bilməz. Onlar bunu çox gözəl dərk edirlər. Ona görə də anti-Azərbaycan beynəlxalq siyasi dairələr bu vəziyyətlə barışmaq istəmirlər, onların yuxusuna haram qatılır. Onlar belə olan vəziyyətdə yenidən ənənəvi şər-böhtan, uydurma kampaniyasını yaymağa başlayırlar. Reallıq bundan ibarətdir. Lakin bir daha qeyd etmək lazımdır ki, onlar ünvanı səhv salıblar. Belə eksperimentləri başqa ölkələrdə həyata keçirsinlər. Azərbaycanda belə eksperimentlərin keçirilməsi üçün heç bir şərait yoxdur. Qoy, bunu beynəlxalq anti-Azərbaycan siyasi dairələr də bilsin. Qoy, bunu onların əlaltı alətlərinə çevrilmiş antimilli ünsürlər də bilsin və qulaqlarına sırğa etsinlər”, – deyə deputat diqqətə çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər