Kosmosda qara dəliyin təsvirini yaradan kollektiv “Elm Oskarı”na layiq görülüb

Kosmosda qara dəliyin təsvirini yaradan kollektiv “Elm Oskarı”na layiq görülüb Dünyanın müxtəlif ölkələrini təmsil edən 300-dək alimdən ibarət kollektiv kosmosda qara dəliyin təsvirini yaratdığına görə “Breakthrough Prize in Fundamental Physics” (Fundamental fizikada irəliləyiş mükafatı) mükafatına layiq görülüb. Alimlər arasında “Elm Oskarı” da adlandırılan bu mükafat 3 milyon dollardır.
Tehsil-press.az CNN telekanalının saytına istinadla xəbər verir ki, “ən böyük qara dəliyin Yer kürəsində bütün teleskopların birləşdirilməsi yolu ilə təsvir edilməsi” sahəsində elmi kəşfinə görə “Event Horizon Telescope” (“Hadisələrin üfüqi teleskopu”) layihəsində iştirak etmiş 347 alim 3 milyon dollarlıq elmi mükafata layiq görülüb. Pul mükafatı onların arasında bölünəcək.
Alimlər qara dəliyinin təsvirini 2019-cu il aprelin 10-da keçirdikləri mətbuat konfransında təqdim ediblər. Onlar apardıqları tədqiqatları təfsilatı ilə izah etmək üçün “The Astrophysical Journal Letters” jurnalında altı elmi məqalə dərc etdiriblər. Qız bürcünün mərkəzində yerləşən M87 qalaktikasının ortasındakı obyektin fotoşəkilini çəkmək üçün alimlər dörd qitədə olan 87 radioteleskopdan istifadə ediblər. Doğrudur, onlar sözün həqiqi mənasında fotoşəkil deyil, yalnız kölgəyə bənzəyən obyekti qeydə alıblar. Sonra, 2017-2018-ci illərin yaz ayları ərzində davamlı müşahidələr aparılıb. Əldə olunan bütün məlumatlar petebaytlarla hesablanaraq təmiz bir fotoşəkil halına gətirilib.
Bundan başqa, “Elm Oskarı” mükafatı fundamental fizikanın digər nominasiyaları üzrə də təqdim edilib. “Riyaziyyat üzrə nailiyyətlərə görə” mükafatı rus mənşəli ABŞ riyaziyyatçısı Aleks Eskinə təqdim olunub. “Tibb sahəsində nailiyyət” nominasiyasının qalibləri isə ABŞ-dan olan genetik Ceffri Fridman, alman biokimyaçısı Frans-Ulrix Hartl, amerikalı bioloqlar Artur Xorviç və Devid Culius, britaniyalı neyrobioloq Men-Yi Li olublar.
Mükafatların təqdimatı mərasimi noyabrın 3-də Kaliforniyada keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər