
Nevşehir Hacı Bektaş Veli Universitetinin Mədəniyyət və Konrqes Mərkəzində keçirilən beynəlxalq tədbirin açılışı mərasimində ev sahibi universitetin rektoru prof. Mazhar Bağlı, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Elçin Allahverdi, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü Taleh Şahməmmədli, Azərbaycan və Türkiyədən dəvətlilər, Hacı Hacı Bektaş Veli Universitetinin akademik və inzibati heyəti iştirak edib.
Açılışda Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Rektor Mazhar Bağlı açılış nitqi ilə çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb, rəhbərlik etdiyi universitet tərəfindən yalnız Türkiyədə deyil, eyni zamanda Türk və İslam dünyasında bektaşilik və təsəvvüflə bağlı tədqiqatlar aparıldığını diqqətə çatdırıb. Rektor ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq, Türkiyə ilə Azərbaycanın ortaq dəyərlərə sahib olduqlarını və dəyərləri ən yaxşı şəkildə tədqiq edərək ictimaiyyətə təqdim edəcək qurumların universitetlər olduğunu vurğulayıb.
Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Elçin Allahverdi, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü Taleh Şahməmmədli, Nevşehir Hacı Bektaş Veli Universitetinin Hacı Bektaş Veli Araşdırma İnstitutunun müdir müavini Hamidreza Sohrabıaabad sempoziumun əhəmiyyətini vurğulayaraq, beynəlxalq tədbirin işinə uğurlar arzulayıblar.
Açılışın ardından tədbirin təşkilatçılarına və çıxışçılara plaket və təşəkkürnamə təqdim olunub, Qrup Müştak konsert proqramı ilə çıxış edib.
Simpozium işini bölmələrdə davam etdirib.
“I Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” beynəlxalq tədbiri 11 sentyabr tarixində yekunlaşacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi



