ADPU-da “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu başa çatıb

ADPU-da “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu başa çatıb Xəbər verdiyimiz kimi, iyunun 28-29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu keçirilib. Beynəlxalq Simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyinin, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. İyunun 29-da simpoziumun yekun iclası keçirilib.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professoru Asəf Zamanov çıxış edərək bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu Sərəncamın icrası ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də xaricdə bir çox tədbirlər keçirilib. “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu da bu Sərəncama uyğun keçirilən tədbirdir. Beynəlxalq simpozium yüksək səviyyədə keçib və uğurla yekunlaşıb.
Türk Tarix Qurumu başqanı Refik Turan, Adnan Menderes Universitetinin professoru Asuman Seda Saracaloğlu, Biruni Universitetinin Təhsil fakültəsinin dekanı, professor Adnan Ömerustaoğlu, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çıxış edərək beynəlxalq simpoziumun keçirilməsini Türk dünyası üçün böyük hadisə kimi qiymətləndiriblər və səmimi, mehriban, qonaqpərvər münasibətə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov yekun çıxışında bildirib ki, böyük elm və təhsil məbədi olan ADPU yenə gözəl günlər yaşadı. ADPU ölkəmizdə ilk anadilli ali təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi müddət ərzində 150 mindən çox pedaqoji kadr lazırlayıb. ADPU-nun böyük, məşhur məzunları olub. AMEA-nın 10 prezidentinin 3-ü – Yusif Məmmədəliyev, Həsən Abdullayev, Zahid Xəlilov, 2 vitse-prezidenti – Heydər Hüseynov və Səməd Vurğun ADPU-nun məzunlarıdır. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Üç ilə yaxındır ki, Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Geniş şəbəkəyə malik olan ADPU-da 18 mindən çox tələbə təhsil alır. Müəllim hazırlığı ölkənin, xalqın milli təhlükəsizlik məsələsidir. Universitetimizin kollektivi yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaq üçün əzmlə fəaliyyət göstərir. Belə beynəlxalq tədbirlər bu vacib vəzifənin həyata keçirilməsində önəmli rol oynayır. ADPU-nun kollektivi bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsindən qürur duyur. Rektor çıxışının sonunda beynəlxalx simpoziumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib və onlara uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib, daha sonra iştirakçılar TÜRKSOY-un Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil etdiyi konsert proqramını izləyiblər.
Qeyd edək ki, beynəlxalq simpozium ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilib, media tərəfindən geniş işıqlandırılıb. Simpoziumda edilən məruzələrin çap olunması nəzərdə tutulur.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu başa çatıbADPU-da “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu başa çatıb

Oxşar xəbərlər