Neft-Kimya Prosesləri İnstitutunda fundamental və təcrübi tədqiqatlar birgə aparılır

Neft-Kimya Prosesləri İnstitutunda fundamental və təcrübi tədqiqatlar birgə aparılır İnstitutumuzda fundamental və təcrübi tədqiqatlar birgə aparılır. Ona görə də alimlərimizin elmi nəticələri istehsalatda uğurla tətbiq olunur. İnstitutda üç qida elementli, nitrat azotu olmayan, bitkilər tərəfindən 100 faiz mənimsənilən yeni gübrə yaradılıb və istehsalı təşkil olunub. Onun istifadəsi hektardan 18-24 ton qarğıdalı, 55-60 sentner buğda və arpa, 45-55 sentner pambıq, 20-22 ton üzüm götürməyə imkan verir. Bu gübrə nar bağlarına verilərsə, əlavə 2 ton məhsul götürmək mümkündür.
Bu sözləri AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov söyləyib. O qeyd edib ki, institut yarandığı gündən fundamental və tətbiqi sahədə tədqiqatları ən yüksək səviyyədə təşkil edib və sənayedə çoxlu təkliflərin tətbiqi həyata keçirilib. Təsadüfi deyil ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatına layiq görülüblər.
“Dünyada analoqu olmayan müalicəvi “Ağ Naftalan yağı”nın alınma texnologiyası dərman preparatı kimi dövlət qeydiyyatına alınıb. Bu neftin müalicəvi əhəmiyyətinin tərkibindəki naften karbohidrogenləri ilə əlaqədar olduğu ideyasını dahi Yusif Məmmədəliyev irəli sürmüşdü. Təxminən 70 il aparılan çoxistiqamətli və dərin tədqiqatlar sayəsində bu neftdən “Ağ Naftalan yağı”nın alınma texnologiyası və onun əsasında dərman və kosmetik vasitələrin işlənməsi həyata keçirilib”, - deyə institutun direktoru bildirib.

Hər gün 40-dək ölkədə institutun veb-saytından istifadə olunur

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən 1992-2019-cu illərdə 235-dən çox kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, biblioqrafiya, konfrans materialı, həmçinin 25 preprint, tematik icmal, toplu və kataloq, 14 standart, 145 normativ texniki sənəd tərtib edilib və buraxılıb. Bundan əlavə, 5 mindən çox məqalə və məruzənin tezisləri respublika və xarici mətbuatda (təqribən 1000-dən çoxu xarici mətbuatda) dərc edilib. Bu illər ərzində orta məktəblərdə kimyanın tədrisinə aid 28 dərslik və 52 dərs vəsaiti çap olunub. Ümumiyyətlə, çap olunmuş monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, biblioqrafiyalar olduqca çoxdur. Müasir Azərbaycanın ümumtəhsil məktəbləri üçün ilk milli kimya dərslikləri məhz institutun və Bakı Dövlət Universitetinin nüfuzlu alimləri tərəfindən yazılıb və nəşr edilib.
İnstitut təhsilin inkişafına böyük önəm verir. Beynəlxalq Mendeleyev və dünya kimya olimpiadalarına şagirdlərin hazırlanmasında institutun əməkdaşları hər zaman əzmlə iştirak ediblər. Azərbaycanın 2 məktəblisinin institutun elmi dəstəyi ilə hazırladığı layihə 2019-cu ildə ABŞ-da keçirilən “Dahilər” olimpiadasında 73 ölkədən təqdim olunan 420 layihə arasında birinci yeri tutaraq qızıl medala layiq görülüb. 2000 və 2010-cu illərdə Bakıda keçirilmiş Beynəlxalq Mendeleyev kimya olimpiadalarının eksperimental hissəsi məhz NKPİ-də və Bakı Dövlət Universitetində hazırlanıb. İnstitut əməkdaşlarının hazırlaşdırdığı olimpiada qalibləri indi ölkəmizin və dünyanın nüfuzlu elmi mərkəzlərinin əməkdaşlarıdır.
“İnstitutumuz ölkəmizdə yeganə maarifləndirici veb-sayt yaradıb. Bu saytda təkcə kimya yox, demək olar ki, bütün elm sahələri əhatə olunub. 2015-ci ilin avqustundan bu günə qədər saytımıza 6 milyondan çox baxış olub. Saytda kimya dərsliklərinin mükəmməl şərhi, laboratoriya tədqiqatlarının nümunələri izahları ilə birlikdə verilib. Hər gün 40-dək ölkədə bizim saytdan istifadə olunur”, - deyə akademik bildirib.
Qeyd edək ki, institutun fəaliyyəti dövründə alimlər tərəfindən aparılan elmi-tədqiqat işlərinin yeni nəticələrinə – ixtiralara 1000-dən çox müəlliflik şəhadətnaməsi, 150 xarici ölkə patenti (Rusiya, ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Niderland, Rumıniya, İran, İraq, Əlcəzair, Bolqarıstan, Çexiya, Slovakiya, İsveçrə və s.), 170 Azərbaycan Respublikası patenti, beynəlxalq patent, 10 Avrasiya patenti və lisenziyalar alınıb. NKPİ-nin alimləri uzun illər ərzində keçmiş SSRİ-nin kimya profilli institutları, Bolqarıstanın neft emalı zavodu (Burqasda), ABŞ-ın Emori Universiteti, “Fenomeneks” şirkəti, “Shell”, “Mobil” şirkətlərinin neft emalı zavodları, İranın Azad İslam Universiteti, Tailand Elmlər Akademiyasının Kimya İnstitutu, Türkiyənin “TÜBİTAK” şirkəti, Ege Universiteti, “İşıqsan-kimya” firması, Səudiyyə Ərəbistanının “SABİC” şirkəti, Kral Əbdül Əziz adına Elmi-Texniki Mərkəz, Gürcüstanın Fiziki və Üzvi Kimya İnstitutu, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın Üzvi Kataliz və Elektrokimya İnstitutu və digər ölkələrin elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələr saxlayırlar. İnstitutun 6 gənc əməkdaşı bir il müddətində Almaniyanın Rostok və Münxen şəhərlərində iş təcrübəsi toplayıb. İnstitut ənənəvi olaraq, bir çox xarici ölkələr üçün, o cümlədən Asiya, Afrika, Latın Amerikası ölkələri üçün yüksəkixtisaslı mütəxəssis hazırlayır.

Azərbaycanda kimya elminin tarixinin öyrənilməsinə böyük töhfələr

İnstitut Azərbaycanda kimya elminin tarixinin öyrənilməsinə böyük töhfələr verib və bu işlər uğurla davam edir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, kimya elmimizin tarixinin 1920-ci ildən başlanması fikri yanlışdır. Çünki görkəmli Azərbaycan kimyaçısı Mövsüm bəy Xanlarov 1883-cü ildə 26 yaşında Strasburq Vilhelm Kayzer Universitetində kimyadan doktorluq dissertasiyası müdafiə etmişdi. O, Rus Fiziki Kimya Cəmiyyətinin Bakı şöbəsinin üzvi idi. Balaxan bəy Bakıxanov isə Hamburq Texnologiya İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdi. Bundan başqa, görkəmli kimyaçı alim Sadıx Hüseynov 1910-cu ildə Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutunda kimyaçı-mühəndis ixtisası üzrə təhsil almışdı. O, həmçinin 1917-ci ildə Kiyev Tibb İnstitutunu bitirmişdi. Sadıx Hüseynov 1920-1927-ci illərdə indiki ADPU-da kafedra müdiri işləyib. Dahi Yusif Məmmədəliyevi də kimyaya o dəvət edib.
Akademik Vaqif Abbasov deyib: “Biz 1997-ci ildən 2008-ci ilə qədər ABŞ-da yaşamış professor Abbas Çayxorskini Bakıya dəvət edərək, onunla görüşdük. Sürgün həyatı yaşayan, Sankt-Peterburq Dövlət Universitetinin radiokimya fakültəsinin ilk məzunu Abbas Çayxorskinin SSRİ-nin atom silahının yaradılmasında xüsusi xidmətləri olub. O, 12 il SSRİ-də atom enerjisinin dinc məqsədlərlə istifadə komissiyasının sədri olub. Həmçinin dünyada neptunium kimyasına aid yeganə monoqrafiyanın müəllifidir. O, 1969-1975-ci illərdə kimyəvi elementlərin dövri cədvəlinin daha mükəmməl versiyasını yaradıb. Hər zaman Mendeleyevə dahi alim kimi dəyər verən Abbas Çayxorskinin təklif etdiyi cədvəl mövcud 500-dən çox cədvəlin ən mükəmməlidir. Biz onun bu sahədə monoqrafiyasını Azərbaycan, rus və ingilis dillərində nəşrə hazırladıq və institutumuzun yubileyi ərəfəsində çap etdirdik”.
V.Abbasov qeyd edib ki, Abbas Çayxorski kimyaya 5-ci kvant ədədini təklif edən alimimizdir. Bu sahədə ən ciddi beynəlxalq konfranslarda və simpoziumlarda təqdimat edib, nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirib. 2004-cü ildə Abbas Çayxorskiyə AMEA-nın fəxri doktoru adı verilib. O, 2008-ci ildə ABŞ-da vəfat edib və öz arzusu ilə nəşi Bakı qəbiristanlığında dəfn olunub.
Neft-Kimya Prosesləri İnstitutu hər zaman istehsalatla əlaqəli işləyir və bu, qarşılıqlı faydalıdır. SOCAR ilə institutun hər zaman sıx və çoxşaxəli əlaqələri olub. İnstitutda yaradılan reagentlər SOCAR-ın müəssisələrində tətbiq edilir. SOCAR 2012-ci ildə instituta çox böyük vəsait qoyub və elmi müəssisə tamamilə yenidən qurulub.
NKPİ, həmçinin universitetlər və elmi-tədqiqat institutları ilə sıx əlaqədə işləyir. İnstitut Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu ali məktəbdə bakalavr, magistr və fəlsəfə doktorlarının hazırlanması proseslərində iştirak edir. NKPİ-nin qabaqcıl alimləri bu ali təhsil ocağında dərs deyirlər. Tələbələr və magistrlər institutun laboratoriyalarından, ən müasir avadanlıqlardan və zəngin kitabxanamızdan istifadə edirlər. İnstitutda Sumqayıt, Gəncə, Naxçıvan Dövlət universitetləri üçün kadrlar hazırlanır. Hazırda institutda 34-46 yaş arasında 4 elmlər doktoru əməkdaş var, 36 və 40 yaşlı 2 əməkdaş doktorluq dissertasiyasının müdafiəsi ərəfəsindədir.

Sovet elminin tanınmış simaları Yusif Məmmədəliyev şəxsiyyətinə hər zaman böyük dəyər veriblər

Akademik Yusif Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildə alimin 80 illik yubileyi ilə bağlı onun xatirə kabinet-muzeyi yaradılıb. 2012-ci ildən bu muzey memorial statusda fəaliyyət göstərir. Muzeydə alimin həyat və fəaliyyətini, nailiyyətlərini əks etdirən eksponatlar, akademikin müxtəlif konfrans və simpoziumlarda öz səsi ilə çıxışları müasir tələblərə cavab verən səviyyədə nümayiş etdirilir.
Akademik Vaqif Abbasov bildirib ki, Yusif Məmmədəliyev dünyanın qəbul etdiyi dahi alimlərdəndir və institutun şərəfli tarixində onun xüsusi yeri var. Təsadüfi deyil ki, iki dəfə Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. 1946-cı ildə aldığı SSRİ Dövlət mükafatı da bunun təsdiqidir. Onun müəllimi Nikolay Zelinskiyə hörmət və ehtiramı da olduqca ibrətamizdir. 1951-ci ildə akademik Yusif Məmmədəliyev “Nikolay Zelinski” kitabını rusca yazıb və çap etdirib. Biz həmin kitabın əhəmiyyətini nəzərə alaraq yubiley ərəfəsində onu yenidən nəşr etdirdik.
“Sovet elminin tanınmış simaları hər zaman Yusif Məmmədəliyev şəxsiyyətinə böyük dəyər verib. İnstitutumuzda fəaliyyət göstərən Yusif Məmmədəliyevin memorial muzeyi ölkəmizdə yeganə muzeydir ki, ikili tabeçiliyi var. Bu muzey həm Mədəniyyət Nazirliyinə, həm də Azərbaycan Milli Elmlər Akademiyasına tabedir. Bu muzeyin yaradılmasında Azərbaycan Dövlət Neft Şirkətinin xüsusi rolu var. Qeyd edim ki, biz dahi Məmmədəliyevin seçilmiş əsərlərinin ikicildliyini təkrar, üçüncü cildi və alimin biblioqrafiyasını nəşr etdirdik. Bu nəşrlərə görə akademik Akif Əlizadəyə, “Elm” nəşriyyatına təşəkkürümüzü bildiririk”, - deyə Vaqif Abbasov bildirib.
Qeyd edək ki, 90 illik fəaliyyəti dövründə institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli yanacaq və yağ alınması məqsədilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiya və katalizatorlar yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya sahəsində fundamental tədqiqatlar aparılmasına və Azərbaycan neft-kimya və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunub. Neftin tədqiqi və emalı sahəsində aparılan elmi tədqiqatların inkişafında və milli kadrlar hazırlanmasında bir çox tanınmış rus alimləri öz töhfələrini veriblər. Onların arasında Lev Qurviç, Nikolay Zelinski, Sergey Namyotkin, Matvey Kapelyuşnikov, İvan Qutt, Viktor Qerr, Nikolay Çernojukov, Aleksandr Quxman, Konstantin Kostrin və başqalarının adlarını qeyd etmək olar. Hazırda institutda elmi məktəb yaratmış və dünya miqyasında elmi uğurları ilə tanınmış akademiklər Musa Rüstəmov, Məhərrəm Məmmədyarov, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Fəzilə Səmədova, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və onlarca elmlər doktoru fəaliyyət göstərir. Bu alimlərin fundamental tədqiqatları sayəsində yeni elmi istiqamətlərin bünövrəsi qoyulub, ölkəmizə dəyərli töhfəsini vermiş neft emalı, neft kimyası sahəsində mütəxəssislər, kimyaçı texnoloqlar məktəbi yaranıb.

Təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilir

İnstitut təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Hər zaman məktəblərlə əlaqə saxlayır. İldə azı 10 orta məktəbdə NKPİ alimlərinin müəllim və şagirdlərlə görüşü keçirilir. Suraxanı Rayon İcra Hakimiyyəti, bu rayonda yerləşən Heydər Əliyev Mərkəzi və Neft-Kimya Prosesləri İnstitutu 2017-ci ildə müqavilə bağlayıb. Müqaviləyə əsasən, rayondakı Heydər Əliyev Mərkəzində aztəminatlı ailələrdən olan uşaqların kimya fənnindən hazırlığı təşkil edilib. Bu il həmin uşaqlardan 9 nəfər kimyayönümlü ali təhsil müəssisələrinə qəbul olunub.
Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar IX və X sinif şagirdləri arasında “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 100-dək şagirddən 9-u qalib olub. Onların hər birinə institut tərəfindən diplom və hədiyyələr verilib. Bundan başqa, Neft-Kimya Prosesləri İnstitutunun təşəbbüsü ilə 2018-ci ildə cəbhə bölgəsində yerləşən Tərtərin 4 kəndi üçün dövlət vəsaiti xərclənmədən nümunəvi kitabxanalar yaradılıb. Bu kitabxanalarda 4 mindən çox kitab və jurnal oxucuların ixtiyarına verilib. Kitabların əksəriyyəti AMEA-nın 14 institutu, Mərkəzi Elmi Kitabxanası, o cümlədən “Azərkitab” tərəfindən hədiyyə olunub. Eyni zamanda, kitabxanalara 800-dək test toplusu və jurnallar hədiyyə olunub.

Elmi nəticələr və hədəflər

NKPİ tərəfindən 2015-ci ildə analoqlarından üstün olan bitum qatqısı yaradılıb və patenti alınıb. Bu qatqıdan respublikamızda əsas yolların tikintisində uğurla istifadə olunur. Paytaxtdakı Heydər Əliyev prospektinin tikintisində də bu qatqıdan istifadə edilib. Həmçinin institutda yüksək səmərəliliyə malik boy maddəsi yaradılıb. Bu maddənin az miqdarda istifadəsi tinglərin yetişdirilməsində maksimum səmərə əldə olunmasına, bitkilərin sürətlə böyüməsinə imkan verir. Həmin maddə meşəsalmada böyük əhəmiyyət kəsb edə bilər. Hazırda bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə danışıqlar aparılır. KTN-in Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə müqavilə bağlanıb ki, onlar bu maddənin toxumçuluqda istifadəsi texnologiyasını hazırlasınlar.
“SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini bizim institutda yaradılıb. İlk raket yanacağını bizim institut təklif edib. Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası burada yaradılıb. SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi bizim institutun məhsuludur”, - deyən Vaqif Abbasov institutun hədəf və perspektivlərindən də danışıb. Bildirib ki, yeni yataq neftlərinin tədqiqi, səmərəli emal üçün təkliflər hazırlanması, ağır neftlərin və neft qalıqlarının neft-kimya məhsullarına emalı texnologiyalarının, neft və yanar şistlərin birgə emalı proseslərinin işlənməsi Neft-Kimya Prosesləri İnstitutunun hədəfləri sırasındadır. İnstitutda neft və bitki mənşəli üzvi birləşmələr əsasında aqrokimya təyinatlı məhsulların və onların alınma texnologiyaları, neftdən alınan tibbi və kosmetik yağların efir yağları ilə kompozisiyaları, Bakı neftləri əsasında yarımsintetik və sintetik baza yağlarının alınma texnologiyaları işlənib hazırlanacaq. Bununla yanaşı, elmi müəssisədə dizel distillatlarının hidrokrekinqi proseslərinin, keyfiyyətli benzin və aviasiya yanacaqlarının alınma proseslərinin işlənməsi, neft məhsullarının və onların bitki xammal növləri ilə qarışıqlarının dərin hidrokrekinqinin aparılması üçün yeni katalizatorların hazırlanması, təbii qazın neft emalına cəlb edilməsilə ağır neft məhsullarının müasir neft-kimya məhsullarına çevrilməsi prosesi də həyata keçiriləcək. Bütün bunlar sənayenin inkişafına töhfələr verəcək.
Qeyd edək ki, institutda 30 laboratoriya və 7 şöbə fəaliyyət göstərir. Əməkdaşların sayı 550 nəfərdən çoxdur. Onlardan 3-ü akademik, 3-ü AMEA-nın müxbir üzvü, 49-u elmlər doktoru, 100 nəfərdən çoxu isə fəlsəfə doktorudur.

Vaqif Abbasov
Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru
akademik




Oxşar xəbərlər