BDU-nun 100 illik yubileyi münasibətilə Mədəniyyət və İncəsənət Universitetində dəyirmi masa

BDU-nun 100 illik yubileyi münasibətilə Mədəniyyət və İncəsənət Universitetində dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib.
BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə olub. Qonaqlar universitetin sərgi salonu, fakültə və kafedraları, habelə tədris auditoriyaları ilə tanış olub, aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin ifasında nümayiş olunan “Danabaşlar” tamaşasına baxıblar. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirilməsi əsasında hazırlanan tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonra BDU və ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, universitetin tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor Ceyran Mahmudova Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən universitetin 100 illik yubileyi çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirildiyini qeyd edib, növbəti tədbirin ADMİU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib.
ADMİU-nun rektorunun humanitar məsələlərlə iş üzrə müşaviri, professor Aqşin Babayev, dosent Nigar Rüstəmova, Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri Turxan Süleyman BDU haqqında xatirələrini bölüşüb, bu ali təhsil ocağının onların həyatında nə qədər mühüm rol oynadığından bəhs ediblər.
BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Müsəlman Şərqində Avropa tipli ali təhsil ocağı olan ADMİU-nun bundan sonra da Azərbaycan mədəniyyəti və incəsənəti üçün peşəkar kadr hazırlığında müstəsna rol oynadığını bildirib.
Rektor BDU-nun100 il ərzindəki fəaliyyəti və uğurları barədə geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin universitetin inkişafına daimi diqqət və qayğı göstərdiyini bildirib. Universitetin əsas inkişaf istiqamətinin təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək olduğunu diqqətə çatdıran Elçin Babayev universitetin növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər