BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd olunub.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin filialın binasındakı büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə BDU-nun əməkdaşları, filialın müəllim və tələbələri iştirak ediblər.
Filialın direktoru Arif Rüstəmov çıxış edərək Prezident İlham Əliyevin 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali təhsil müəssisəsində universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrlar hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını bildirib. Rektor Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının keçdiyi şanlı tarixi yoldan söz açıb, onun təhsilimizə çoxlu sayda ziyalılar bəxş etdiyini qeyd edib.
BDU-nun müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli yol keçdiyini diqqətə çatdıran Elçin Babayev Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edib. Rektor BDU-nun yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini vurğulayıb.
Elçin Babayev, eyni zamanda, universitetin Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib və universitetin filialının Qazaxda fəaliyyət göstərməsini Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısının təzahürü olduğunu söyləyib. İcra başçısı BDU-nun Qazax filialının uğurla fəaliyyət göstərəcəyinə, elm və təhsilimizə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs tələbəsi Səbinə Camalova çıxış ediblər.
Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib.

BDU-nun Mətbuat Xidməti


BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Oxşar xəbərlər