
Aprelin 15-dən start verilən layihə çərçivəsində keçirilən mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini, eyni zamanda, bir çox mədəniyyət xadimlərinin həyat və yaradıcılığını əhatə edib.
Layihə çərçivəsində Klassik rəqs kafedrasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının pedaqoq-repetitoru, Əməkdar artist Yuri Lobaçov Şərqin ilk baleti haqqında - Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri barədə maraqlı təqdimat edib. O, əsərin yaranma tarixi, əsas partiyaları ifa edən ilk balerinalar - Xalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova və onların ayrı-ayrı illərdə yaratdığı Gülyanaq surəti haqqında məlumat verib.
Qeyd edək ki, 1999-cu ildə Y.Lobaçov sözügedən balet tamaşasında Cahangir xan obrazını canlandırmağa müvəffəq olub və bu ona böyük şöhrət gətirib. Təqdimatda balet tamaşasından parçalar və müxtəlif səhnəciklər də yer alıb.
Layihə çərçivəsində görülən işlər Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur.
Tehsil-press.az