NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq işləri davam etdirilir

NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq işləri davam etdirilir AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq üzrə onlayn görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Jacek Qajevski və hər iki tərəfdən məsul əməkdaşlar iştirak ediblər.
İclasda beynəlxalq konfransın əsas istiqamətləri və gündəliyi, hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qrupları və əlaqələndirici şəxslərin təyin edilməsi, konfransın əsərlərinin çapa hazırlanması məsələləri müzakirə olunub. Həmçinin layihə çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda kiberfiziki sistemlərin təhlükəsizliyi üzrə ixtisaslaşmış mərkəzin yaradılması məsələsi müzakirə edilib, bir sıra təkliflər irəli sürülüb.
Professor J.Qajevski beynəlxalq konfransın əhəmiyyətindən söz açaraq, tədbir çərçivəsində prioritet mövzularda məruzələrin dinləniləcəyinə əminliyini bildirib. Həmçinin təmsil etdiyi qurum tərəfindən tədbirin təşkilinə dair görüləcək işlər haqqında məlumat verib.
Akademik R.Əliquliyev çıxış edərək son zamanlar Azərbaycan iqtisadiyyatında “Sənaye 4.0” texnologiyalarının tətbiqinin genişləndiyini nəzərə alaraq, bu kimi sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsinin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Alim ölkənin müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin bu işə töhfə verəcəklərinə əminliyini ifadə edib.
AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi institut ilə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi arasında birgə innovativ layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, beynəlxalq konfrans gələn ilin oktyabr ayında keçiriləcək. Üç gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər