
Bu barədə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elm müəssisəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsində məlumat verib.
Alim elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun iştirak etdiyi dövlət proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, elektron elmin formalaşması üzrə görülən işlər və s. barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, bu il 1.247 doktorant və dissertant elm informatikası fənni üzrə kurslarda iştirak edərək imtahan verib.
İnstitutun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlərdən danışan R.Əliquliyev il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasına qatıldığını, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, 50-dən çox ölkənin elmi qurumları ilə əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.
Elmi-təşkilati tədbirlər haqqında məlumat verən akademik Viki-Mərkəz, Multimedia Mərkəzi, eləcə də 2017-ci ildə yaradılmış veb-saytlar barədə danışıb. Bildirilib ki, institut əməkdaşları tərəfindən 2017-ci ildə 84 məqalə, dörd kitab və iki ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda alimlərin 126 məruzəsi dinlənilib. Cari il üzrə nəşr olunmuş 210 elmi əsərdən 87-si nüfuzlu bazalara daxil edilib.
Tehsil-press.az