Elmin İnkişafı Fondu gənc tədqiqatçılar üçün məsləhət vebinarlarının keçirilməsinə başlayıb

Elmin İnkişafı Fondu gənc tədqiqatçılar üçün məsləhət vebinarlarının keçirilməsinə başlayıb Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və tədqiqatçıların fəaliyyətinə dəstək olmaq, onların elmə marağının artırılması məqsədilə qrant müsabiqələri təşkil edir. Buna müvafiq olaraq, 2021-ci ildə Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsini (EİF/GAT-6/2021-2(39)) elan edib. Layihələr Fondun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim olunmalıdır.
Ənənəyə uyğun olaraq, sənədlərin bu sistem vasitəsilə qəbulu və iştirakçılara kömək göstərilməsi üçün məsləhət vebinarlarının keçirilməsinə başlanılıb. Bu məqsədlə ADA Universitetinin gənc əməkdaşları ilə görüş keçirilib, onlara layihələrin təqdim edilməsi qaydaları izah edilib, suallar cavablandırılıb.
Görüşdə Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin qaliblərindən Selcan Nurullayeva, Aygün İsmayılova və Sərtac Atlas da iştirak ediblər. Müsabiqənin ən gənc qalibi olan Selcan Nurullayeva onu qalibiyyətə aparan uğurlarından danışıb, gənclərə elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Aygün İsmayılova və Sərtac Atlas tədbir üçün Elmin İnkişafı Fonduna və ADA Universitetinə təşəkkürlərini bildirib, bu cür görüşlərin gənc tədqiqatçılar üçün faydalı olacağını vurğulayıblar.
Sonra qaliblər layihələrinin icrası və layihə mövzuları ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər