Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsinə layihə qəbulu aparılır

Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsinə layihə qəbulu aparılır Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və tədqiqatçılar üçün elan etdiyi 6-cı qrant müsabiqəsinə layihə qəbulu davam edir.
Qrant müsabiqəsi gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması, onlara tədqiqat aparmaq üçün əlverişli imkanlar yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrə cəlb edilməsi məqsədilə keçirilir.
Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarə olunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) avqustun 30-u saat 17:00-dək aparılacaq. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının vaxtı barədə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) yerləşdirilib. Avqustun 12-də növbəti vebinarın keçirilməsi nəzərdə tutulur.
Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələr barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər