Qəbələ Peşə Təhsil Mərkəzində mentorlar üçün təcrübə mübadiləsi sessiyası təşkil olunub

Qəbələ Peşə Təhsil Mərkəzində mentorlar üçün təcrübə mübadiləsi sessiyası təşkil olunub “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı çərçivəsində Qəbələ Peşə Təhsil Mərkəzində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin dualabənzər peşə təhsili pilotunda iştirak edən mentorlara ikigünlük təcrübə mübadiləsi sessiyası keçirilib.
Təlimin əsas məqsədi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dualyönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifələri, məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, məşvərət şurasının əsasnaməsinin tərtibi haqqında məlumatlandırılıblar. Özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.
Təlim proqramının ilk günündə iştirakçılar Qəbələdə yerləşən dualabənzər pilotun tətbiqində peşə təhsil müəssisəsi ilə əməkdaşlıq edən və müəssisənin tələbələrinə şirkətdaxili təlimlər keçən “Riverside Hotel”də turizm sahəsi üzrə ekskursiyada iştirak ediblər. Təlimin növbəti günündə isə mentorlar İsmayıllıda yerləşən “Aqrolozing” ACS və “İsmayıllı şərab–2” ASC-yə təşkil olunan ekskursiyada olublar.
“Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir. 2017-2023-cü illəri əhatə edən layihənin modul hədəfi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişafın şərtlərini təkmilləşdirməkdir. Proqramın məqsədi müvafiq sektorlarda rəqabətlilik bacarığını yaxşılaşdırmaq, özəl və dövlət sektoru nümayəndələrinin əməkdaşlığını inkişaf etdirməkdən ibarətdir. Eyni zamanda, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübənin mübadiləsini gücləndirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər