Suraxanı rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri

Suraxanı rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunun Heydər Əliyev parkında abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Rektor institutun istifadəyə verilmiş yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.
Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Etibar Əliyev, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidməti Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqil Əlisoy, “Höccət İbn Həsən” Məscidi Dini İcmasının sədri Allahverən Məmmədzadə, B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, şəhid atası Əlixan Əliyev, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva çıxış ediblər. Çıxışlarda təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət göstərildiyi, elmin, təhsilin maddi-texniki bazasının inkişaf etdirildiyi, bu sahənin ən müasir və qabaqcıl texnologiyalarla təmin olunduğu vurğulanıb. Həmçinin yeniyetmə və gənclərin mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşmaları, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyümələri istiqamətində görülən işlər barədə məlumat verilib.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova çıxışında ali təhsil müəssisəsinə qəbul prosesi və qaydaları haqqında danışıb.
İnstitutun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin yekununda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən bəhs edib. O, bir qrup abituriyentin iştirakı ilə Aİİ-yə ekskursiyanın təşkil olunması barədə təklif irəli sürüb. Məqsəd din sahəsinə maraq göstərən Suraxanı rayon şagirdlərinin ilahiyyat sahəsində savadlı mütəxəssis kimi yetişdirilmələri üçün Aİİ-də təhsilə cəlb olunmalarıdır.

Tehsil-press.az


Oxşar xəbərlər