İlahiyyat İnstitutu növbəti maarifləndirici tədbirini Mingəçevirdə keçirib

İlahiyyat İnstitutu növbəti maarifləndirici tədbirini Mingəçevirdə keçirib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir. İnstitutun kollektivinin növbəti səfəri Mingəçevir şəhərinə olub.
Aİİ-dən Tehsil-press.az-a bildirilib ki, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini bildirib. Cəmiyyətin həyatında təhsilin oynadığı əhəmiyyətli rolu vurğulayan Aİİ rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalarla təmin olunur.
Rektor abituriyentlərə qarşıya qoyduqları məqsədlər uğrunda səylə çalışmağı tövsiyə edib. O bildirib ki, gənclərimiz xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi gənc nəslin düzgün təlim-tərbiyəsindən asılıdır.
Ceyhun Məmmədov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verib.
İlahiyyat İnstitutunun dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tələbələrin daha yaxşı təhsil almaları üçün yaradılan şəraitdən söhbət açıb. O, tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edib ki, institutun kollektivi gənclərin geniş dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadr kimi yetişmələri istiqamətində səylə çalışır.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunan hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını qeyd edib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər