Babalarımızın qatıldığı savaş bizim deyildi...

Babalarımızın qatıldığı savaş bizim deyildi... Babalarımızın qatıldığı, böyük inam və sədaqətlə vuruşduğu o müharibə İkinci Dünya müharibəsi idi. Bizim müharibəmiz deyildi.
“Əli və Nino”nu yəqin çoxunuz oxuyub: Birinci Dünya müharibəsi başlayanda dostları onu çar uğrunda, böyük imperiyanın müdafiəsi üçün müharibəyə getməyə təşviq edir. Əli isə onlara belə cavab verir: “Bu, mənim müharibəm deyil”. Sonra ermənilərin azərbaycanlılara hücumu başlayır. Bax, o zaman Əli ön cəbhədə olur. Öz müharibəsində. Beləliklə, Əlinin sözləri ilə desək: Biz öz müharibəmizdə döyüşməli və qalib gəlməliydik. Döyüşdük və qalib gəldik.
Bizim müharibə 2020-ci il, noyabr ayının 8-də başa çatdı. Möhtəşəm, tarixi Qələbəylə! Amma bu, heç də 44 günlük müharibə deyildi. Əslində bu Qələbə 200 illik müharibəyə son qoydu! Hə, düz eşitdiniz, Azərbaycan xalqına qarşı 200 illik bir plan hazırlanmışdı. O plan tarixin müxtəlif mərhələlərində məkrli bir ssenari kimi, fəsil-fəsil, abzas-abzas, addım-addım icra olunurdu. Bu planın müəllifləri dünya erməni mafiyası, erməniçiliyin baniləri və onların havadarları idi. 1813-cü il hadisələri, 1828-ci il müqaviləsi, sonra Birinci Dünya müharibəsi, mart qırğını, daha sonralar baş verənlər hamısı vahid ssenarinin icra bölümləri idi. Ssenari planına görə, azərbaycanlılar tarixi torpaqlarımızdan, elə Ermənistan da daxil olmaqla, ana yurd-yuvamızdan hissə-hissə köçürülməli, ondan sonra, ətraf rayonlarla birgə Qarabağ, daha sonra Naxçıvan ələ keçirilməli, Gəncə qəsb edilməli, əsas hədəf isə Qafqazda Azərbaycan adlı dövlət və xalq məhv edilməli idi. Yəni bu ssenari bizim gördüyümüzdən də böyük bir miqyasa, məzmuna, məqsədə malik idi. Bu ssenarinin 200 illik bir tarixi var. Bu ssenarinin son mərhələsi Sovetlər Birliyinin dağılmasından sonrakı şəraitlə başlanmalıydı. Azərbaycan təəssüf ki, tarixin iki həlledici mərhələsində başsız qaldı. Birinci dəfə Birinci Dünya müharibəsi başa çatanda və çar Rusiyası dağılanda, ikinci dəfə isə Sovet İttifaqı dağılanda. Başsız qaldığımız o dövrlərdə yenə ilk zərbəni qlobal erməni və havadarları endirdi. Hədəf böyük azərbaycanlı, ulu öndər Heydər Əliyev oldu. Erməni və havadarları tandemi Heydər Əliyevi aradan götürəndən sonra ssenari üzrə işlərini davam etdirdilər. Əvvəl Sumqayıt təxribatını törətdilər. Bu, Azərbaycanın dünyada mənfi imicini yaratmaq üçün vacib idi. Sonra 1990-cı ilin 20 Yanvarı, daha sonra Xocalıda soyqırımı… və bütün bunlar hamısı Azərbaycanın məhv edilməsinə, milli ləyaqətimizin alçaldılmasına, xalqın mənəvi ruh düşgünlüyünün ən son mərhələsinə endirməyə hesablanmışdı.
Amma bu ssenaridə müəlliflər iki şeyi nəzərə almamışdılar. Birincisi, Heydər Əliyev amilini, onun qətiyyətini, onun siyasi qayıdışını. İkincisi isə Azərbaycan xalqının müdrikliyini. Bax bu iki amil erməni ssenaristlərin bütün planlarını darmadağın eti. Belə də demək olar: ermənilər və onların xaricdəki havadarlarının 200 illik planına qarşı 30 Heydər Əliyev ili! Bu 30 ilə Azərbaycan dövlətinin gücləndirilməsi, siyasi irsin yaradılması, siyasi varisliyin təmin olunması daxil idi ki, sonda Şuşa zəfəri ilə yekunlaşdı. Şuşa zəfəri 200 illik planı darmadağın edərək tarixə öz möhürünü vurdu. Və hadisələr göstərdi ki, dahi liderlər təkcə yaşadığı dövrlə yox, özündən sonra qoyub getdiyi siyasi sistemin mükəmməlliyi, möhkəmliyi ilə də tarixdə qalırlar. Məsələn: Makedoniyalı İsgəndər vəfat edəndən dərhal sonra Makedoniya boyda imperiya neçə yerə parçalandı? Düzdür, paralellər təhlükəlidir, deyirlər. Amma müqayisəsiz də mümkün deyil. Postsovet dövrünün ən nüfuzlu, hətta az qala etiraf edilmiş dahisi sayılan Nazarbayevin gedişi ilə onun irsi necə böyük risklərlə, təlatümlərlə üzləşib. Amma Heydər Əliyevin dahiliyi yalnız yaşadığı dövrlə bağlı deyil, özündən sonra qoyub getdiyi irslə də bağlıdır. Özündən sonra saxladığı sistemin davamlılığı, möhkəmliyi artıq varislə İlham Əliyevə aiddir.

Tehsil-press.az


Oxşar xəbərlər