ADMİU-da “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

ADMİU-da “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Şuşa İli” çərçivəsində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq beynəlxalq konfransın keçirilməsinin rəhbərlik etdiyi ali məktəb üçün önəmini vurğulayıb. Rektor bildirib ki, 2023-cü ildə ADMİU özünün 100 illik yubileyini qeyd edəcək. Bununla bağlı bir sıra tədbirlər keçiriləcək və bu konfrans da onların arasında önəmli yer tutur. Mədəni irsin qorunması ölkəmizdə humanitar sahədə olan vacib məsələlərdən biridir. Azərbaycan qədim mədəni irsə malik ölkədir və bu irsin qorunması dövlətimizin siyasətinin ayrılmaz tərkib hissəsidir.
C.Mahmudova bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib: “Bizim tarixi abidələrimiz qorunur, onların ən vacib və mühüm olanları UNESCO-da tanınır, qeyri-maddi mədəni beynəlxalq irs siyahılarında yer alır. Dünyanın hər bir yerində abidələrimiz haqqında müxtəlif formalarda tanıtım tədbirləri keçirilir. Bizim də ali məktəb kimi borcumuz tələbələri gələcəkdə bu sahədə fəaliyyət göstərmək üçün yetişdirməkdir”.
Rektor konfransa xarici ölkələrdən alimlərin də onlayn qatılaraq müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklərini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın bu günlərdə keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını söyləyib. O, konfransın “Şuşa İli” çərçivəsində təşkil edilməsinin heç də təsadüfi olmadığını söyləyib. Qeyd edib ki, biz mədəni irsin dağıdılması, mədəni irsə böyük zərər verilməsi və ona qarşı vandalizmin həyata keçirilməsini yaşamış dövlətin, xalqın nümayəndələriyik. Mədəni irs anlayışı həm yerli, həm də beynəlxalq səviyyədə mütəxəssislərin düşüncə və fikirlərinə görə çox böyük bir anlayışı özündə ehtiva edir.
Qənirə Paşayeva Ermənistanın Azərbaycanın mədəni irsinə çox böyük zərbə vurduğunu, ermənilər tərəfindən ölkəmizin beynəlxalq səviyyəli abidələrinin dağıdıldığını, bir çoxuna isə böyük zərər verildiyini diqqətə çatdırıb: “Ermənilər həm Azərbaycanın mədəni irsini dağıtmaqla, həm də onları oğurlamaq və özününküləşdirməklə zərər veriblər. Bu da mədəni irsə qarşı törədilmiş bir cinayətdir. Biz dövlət, millət olaraq uzun illərdir ermənilərin bu əməllərinə qarşı mübarizə aparırıq. Ona görə də mədəni irsin həm yerli, həm də beynəlxalq səviyyədə daha yaxşı qorunması Azərbaycan üçün ən vacib məsələlərdən biridir”.
Ölkəmizdə bu sahədə çox mühüm işlər aparıldığını diqqətə çatdıran komitə sədri mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, mədəni irsimizə törədilən cinayətlərə qarşı mübarizənin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib. O qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həm UNESCO-da, həm də ICESCO-da fəaliyyəti yerli və regional səviyyədə mədəni irsin qorunmasına daha çox töhfə verməklə yanaşı, beynəlxalq səviyyədə bu aktual problemləri daha çox diqqətə çatdırmaq, həmçinin beynəlxalq səviyyədə bu işdə həmrəyliyə, əməkdaşlığa daha çox nail olmaqdan ibarətdir.
Komitə sədri mədəni irsin qorunması ilə bağlı hüquqi aspektləri də diqqətə çatdırıb. Azərbaycan dövlətinin də mədəni irsin qorunması ilə bağlı bir sıra konvensiyalara, sənədlərə, beynəlxalq müqavilələrə qoşulduğunu söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən dərhal sonra işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinə başlanılması, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi Azərbaycanın çoxəsrlik mədəni irsinin daha dərindən öyrənilməsi, tətbiqi, qorunması və yaşadılmasına yönəlmiş müstəsna addımlardır. Çünki bütövlükdə Qarabağ, o cümlədən Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, mədəniyyət, incəsənət, musiqi sahəsində görkəmli şəxsiyyətlərin, unudulmaz sənətkarların vətəni, qədim memarlıq nümunələrinin ünvanı, məkanıdır.
“Tarixi və mədəni irs hər bir xalq üçün özünüdərk məktəbidir. Mədəni irs mülkdür, öncəki nəsillərdən bizlərə gəlib çıxan qiymətli xəzinədir, keçmişlə bu gün arasında əlaqədir. Xalqa aid olan dəyərlərin məcmusudur. Mədəni irs təkcə gözlə gördüyümüz, toxuna bildiyimiz abidələrdən ibarət deyil. O, həm də keçmişimizin, kimliyimizin və mənəviyyatımızın güzgüsüdür. Vətən torpağının hər bir qarışında əcdadlarımızın izi var. Bu, mədəni irsimizin bir parçasıdır. Ona sahib çıxmaq, mühafizə etmək və gələcəyə ötürmək vacibdir. Digər tərəfdən, mədəni irsin qorunması, ona hörmətlə yanaşılması multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi, təşviq olunması deməkdir. Müxtəlif xalqların mənəviyyatının ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirilməsidir və bununla da ümumdünya mədəniyyətinin mühafizəsidir”, - deyə Günay Əfəndiyeva bildirib.
Mədəni irisin qorunması mövzusunun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioritet məqsədlərindən olduğunu deyən G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun təcrübəsindən, layihələrindən və görülən işlərdən ətraflı bəhs edib. O qeyd edib ki, Fond türk dünyasının çoxəsrlik mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyət göstərir.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil müəssisələri ilə işbirliyinə böyük önəm verir. Biz artıq türk dünyasının müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalamışıq. Əməkdaşlıq çərçivəsində türk xalqlarının mədəni irsinin öyrənilməsi, tətbiqi və təşviqi istiqamətində birgə seminar, təlim və beynəlxalq konfransların keçirilməsi, araşdırmaların aparılması nəzərdə tutulur”, - deyən G.Əfəndiyeva ADMİU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinə dəstək verəcəyini söyləyib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Türk Dünyası Akademiyasının prezidenti Mehmet Yüce və digər çıxış edənlər konfransın çox aktual və əhəmiyyətli mövzuya həsr olunduğunu söyləyib, işinə uğurlar arzulayıblar.
Konfransa onlayn qatılan A.İ.Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin professoru Olqa Sapanca, türkiyəli dosent Süleyman Kaan Yalçın, Yodju Texniki Universitetinin müəllimi Mahinur Maksumova, Kəmaləddin Behzad adına Milli İncəsənət və Dizayn İnstitutundan Gülrano Orifjanova, B.B.Borodikov adına Kalmık Dövlət Universitetinin dosenti Ellara Omakayeva və digərləri mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfrans işini “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında yerli və xarici alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər