
Bunu tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib.
Onun sözlərinə görə, jurnalistlərin reyestrdən keçməsini təsəvvür etmək çətindir:
"Bu proses könüllüdür. Kim istəyir keçir, kim istəmir, keçmir. Ona görə də əsas məsələ media qurumlarının reyestrdən keçməsidir. Bu, mütləqdir. Çünki media adından, söz azadlığından sui-istifadə təəssüf ki, son illər göz qabağında olan neqativlərdən biridir. Bunlar medianı gözdən salır. Məsələn, sayt açılır, 3 gündən sonra kimisə şantaj etdiyi üçün bağlanır".
Qulu Məhərrəmlinin sözlərinə görə, əslində, Media reyestrinin mayasında normal bir məqsəd dayanır:
"Düzdür, jurnalistlərin reyestrdən keçməsi ortaya başqa problemlər çıxarıb. Gələcəkdə bunu mütləq şərtə çevirmək ciddi problemlər yarada bilər. Amma mən media subyektlərinin reyestrdən keçməsini çox normal hal hesab edirəm. Qanunun da tələbi bundan ibarətdir. Mövcud narazılıqlar qeydiyyata alınmaqdan daha çox reyestr şərtləri ilə bağlıdır. Çünki orada qoyulan şərtlər, xüsusən, kəmiyyətlə bağlı olan tələblər, görünür, müəyyən problemlər yaradır. Fikrimcə, bunun bir yolu tapılmalıdır. Reyestrdən keçə bilməyən media qurumlarının hər birinin qarşılaşdığı situasiya konkret təhlil olunmalıdır. Doğrudan da bürokratik əngəllər varsa, bunları müzakirə etmək və aradan qaldırmaq vacibdir. Amma bu əsas vermir ki, biz Media Agentliyinə qarşı gözdənsalma kampaniyası aparaq. Ona görə də bu məsələyə şüurlu və anlaşıqlı yanaşa tələb olunur".
Tehsil-press.az