AzMİU-da Karyera sərgisi keçirilib

AzMİU-da Karyera sərgisi keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunlar üçün Karyera sərgisi keçirilib.
Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı təqdim edib.
Universitetin İdman Kompleksində keçirilən sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU-nun tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif edilib.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri fonunda AzMİU-nun artan vəzifə öhdəliyinə diqqət çəkib. Rektor qeyd edib ki, əsasən memarlıq, inşaat, mühəndislik və bu istiqamətlərlə əlaqəli sahələr üzrə kadr hazırlığı həyata keçirən universitetin əsas missiyası həm də bu gənc mütəxəssislərin ixtisasları üzrə işlə təmin olunmasına şərait yaratmaqdır. Karyera sərgisinin bu istiqamətdə böyük üstünlük olduğunu deyən professor Gülçöhrə Məmmədova tələbə və məzunlara, eləcə də sərgidə iştirak edən qurumlara uğurlar arzulayıb.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və Türkiyənin “ProYapı” mühəndislik və müşavirlik şirkətinin idarə heyətinin rəhbəri Akif Aygen də çıxış edərək tələbə və məzunlara uğurlar arzulayıblar. Çıxışçılar qeyd ediblər ki, AzMİU ölkəmizin tikinti sektoru üçün kadr hazırlığında aparıcı ali təhsil müəssisəsidir və qurumlar üçün universitetlə əməkdaşlıq, məzunların işə cəlb olunması böyük əhəmiyyət kəsb edir.
Sərgidə SOCAR, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, Mətanət-A şirkəti, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, “Təmiz Şəhər” ASC, “Azercell”, eləcə də digər dövlət qurumları və özəl şirkətlərdəki vakant iş yerləri təqdim olunub.
Ümumilikdə 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər.
Sərgidə iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurub, şirkət nümayəndələrinə yaxınlaşaraq özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər