AzMİU məzunlarının 71 faizi ixtisası üzrə işlə təmin olunub

AzMİU məzunlarının 71 faizi ixtisası üzrə işlə təmin olunub Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) olaraq yüksək təhsil verməklə yanaşı, tələbələrin ixtisasları üzrə uğurlu karyera qurmaları istiqamətində mütəmadi işlər aparırıq. Universitetin ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələri ilə davamlı əməkdaşlıq etməsi çox önəmlidir, çünki bu yolla tələbələrimizin və məzunlarımızın ilkin karyera istiqamətindəki fəaliyyətlərinə dəstək oluruq. Bu istiqamətdə universitetin nəzdində yaradılmış Təcrübə və Karyera Mərkəzi tələbələrin və məzunların birinci dəstəkçisidir.
Bunu AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin rəhbəri Xanlar Qəniyev deyib. O qeyd edib ki, Mərkəzdə universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”, eləcə də tələbə və məzunların “CV bazası” yaradılıb. Mərkəz şirkətlərin və təşkilatların müraciətləri əsasında bu bazalardan zəruri ixtisas üzrə namizədlərin axtarışını və yönləndirilməsini həyata keçirir.
“Əmək bazarının tələblərinə uyğun olaraq tələbələrimizə iş axtarmaq, CV hazırlamaq, iş müsahibəsinə hazırlaşmaq kimi məsələlərdə məsləhət xidməti göstərir və buna dair mütəmadi olaraq məlumatlandırıcı görüşlər keçirilir. Məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə quraraq tələbələrin müsahibələrdə iştirakı üçün şərait yaradılır. Mərkəz tərəfindən öz karyeralarını uğurla qura bilmiş bir sıra fəxri məzunlarımızın iştirakı ilə seminarlar, təlimlər, treninqlər və s. tədbirlər təşkil edilir”, - deyə o əlavə edib.
Xanlar Qəniyev bildirib ki, məzunların işlə təminat səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzin təşkilatçılığı ilə karyera sərgiləri keçirilir. Hər il təşkil olunan bu sərgilərdə 80-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tərəfindən tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yeri təklif edilir. Sərgidə ölkənin aparıcı şirkətlərindən SOCAR, “Azərişıq” ASC, “Bakı Metropoliteni”, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, “Mətanət-A” şirkəti, “Azərsun-Holdinq”, Kapital Bank, “Metak” şirkəti, “Təmiz Şəhər” ASC, “Azercell”, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılır.
“Mərkəz tərəfindən məzunlarla mütəmadi şəkildə əlaqə saxlanılaraq onların məşğulluq vəziyyəti araşdırılır və universitetin 2021-2022-ci tədris ilində məzun olan 2069 tələbəsindən (1614 bakalavr 455 magistr) 71 faizinin ixtisası üzrə işlə təmin olunduğu müəyyən edilib”, - deyə Xanlar Qəniyev fikrini yekunlaşdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər