Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi: Qətiyyətli, ardıcıl, məqsədyönlü siyasətin növbəti uğuru - TƏHLİL

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi: Qətiyyətli, ardıcıl, məqsədyönlü siyasətin növbəti uğuru - TƏHLİL Azərbaycanın yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan növbəti uğur Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu.
Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda - 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
Kapitulyasiya aktına imza atmış Ermənistanın isə sonrakı addımlarında çirkin niyyətlərindən əl çəkmədiyinə diqqət çəkmək lazım gəlir. Belə ki, Azərbaycan yeni yolun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi. Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı. Laçının mərkəzi 2022-ci ilin sentyabrında qansız və heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı.
Azərbaycan lideri bayrağın ucaldılması mərasimində çıxışında bunu tarixi hadisə adlandırmışdı: “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq”.
Təəssüf ki, hadisələrin sonrakı inkişafında biz yenə də Ermənistanın təxribat və diversiyalarının şahidi oluruq. Müharibədə aldığı sarsıdıcı zərbələrə baxmayaraq, sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirirdilər. Eyni zamanda Azərbaycanın Qarabağda təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınması halları baş verirdi. Xüsusilə, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qanunsuz istismar olunur, Qarabağdakı Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təbii sərvəti talanaraq Ermənistana, oradan da xaricə daşınırdı.
Azərbaycan dövlətinin Rusiya sülhməramlıları ilə danışıqlar nəticəsində adıçəkilən yataqlara baxış keçirilməsi və monitorinq aparılması razılaşdırılsa da, Moskvanın xüsusi missiyaya ilə Qarabağa göndərdiyi Ruben Vardanyanın təşkilatçılığı ilə separatçı tör-töküntülərinin buna imkan verməməsi əks addımların atılmasını zəruri edirdi. Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına ağır zərbələr vurulmasına imkan verməmək üçün ekoloji fəallar 2022-ci il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində fasiləsiz etiraz aksiyasına başladılar, bununla da ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdilər.
Maraqlı məqam odur ki, eko-aktivistlərin bu addımını dəstəkləməli, Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyəti pisləməli olan beynəlxalq təşkilatlar, dövlətlər 30 illik işğal dövründə olduğu kimi, yenə də ədalətsiz mövqe ortaya qoydu. Azərbaycana qarşı kampaniyalar təşkil edildiyi, təzyiqlər göstərilməsinə cəhdlər oldu, xarici mediada Azərbaycana qarşı qara piar aparıldı ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir.
Lakin heç bir təzyiq, heç bir kampaniya Azərbaycanı, onun Prezidentini qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməyə davam etdi, hətta Azərbaycan Prezidentinin Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək, onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı.
Əvəzində ermənilər təxribatlarını, ara yollarla Ermənistandan Qarabağa silah və hərbi texnika daşınmasını davam etdirirdilər. Azərbaycan Müdafiə Nazirliyi bu ilin mart ayında dəfələrlə məlumatlar yayaraq, Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşdiyini, bunun Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alındığını bildirirdi.
Məlumatlarda qeyd olunurdu ki, bu yollardan, həmçinin, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Yaranmış vəziyyət nəzərə alınaraq, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirildi, bəzi yüksəkliklər götürüldü, yola və əraziyə nəzarət təmin olundu. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri də nəzarətimizə keçdi.
Lakin görülən bütün tədbirlər yenə də kifayət etmirdi, ermənilər çirkin məqsədlərinə çatmaq üçün yenə də ərazidə gizli, alternativ yollar axtarmağa başlamışdılar. Belə olan halda Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı.
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı. Bununla, Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri bir daha öz təsdiqini tapdı. Bu, Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər